Onkologiya Mərkəzinə verilmiş avtomobildən taksi kimi istifadə edilir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda daha bir vətəndaş taksi xidmətinin özbaşnalığı ilə rastlaşıb.  Bakıda daha bir vətəndaş taksi xidmətinin özbaşnalığı ilə rastlaşıb. 

Vətəndaş Mircəlal Məcidovun sözlərinə görə, London taksiləri kimi tanınan xidmətdən istifadə etdiyi zaman sürücünün özbaşnalığı ilə rastlaşıb. Onun sözlərinə görə, taksi sürücüsü sayğacı quraşdırmadan sərnişindən əlavə pul alıb.

“London taksisinin xidmətindən istifadə etdim. Taksiyə mindiyim zaman gördüm ki, sayğacı qoşmayıb. Səbəbini soruşduqda bildirdi ki, sayğac işləmir. Amma gedəcəyim ünvana məndən 5 manat alacağını bildirdi. Dediyim ünvana çatanda verdiyim 10 manat puldan mənə 2 manat qaytardı. Ona bu yolu 5 manata danışdığımızı və pulun qalığını qaytarmağı tələb edəndə, sürücü mənə, “sən, nə üzlü, adamsan”, dedi. Mən iradımı bildirdikdən sonra o daha 1 manat qaydartdı. Kobud sürətdə maşından düşməyimi bildirdi. Daha sonra maşını sürüb, qaçdı. Həmin vaxt avtomobilin nömrəsini götürdüm. Həmin sürücü yol boyu digər taksilərlə söyüşlə danışırdı. Hətta bir sürücü ilə az qala əlbə-yaxa dava da edəcəkdi.”

Femida.az vətəndaşın müraciəti ilə bağlı həmin taksilərin fəaliyyət göstərdiyi “Bakı Taksi” MMC ilə əlaqə saxlayıb. MMC- dən verilən cavabda həmin nömrəli avtomobilin başqa şirkətə hədiyyə edildiyini bildirdilər:

“ Sizin qeyd etdiyiniz 90 AT 063 dövlət nömrə nişanlı avtomobil balansımızda deyil. Biz onu başqa bir şirkətə hədiyyə etmişik. Bu maşınla bağlı tez-tez şikayət daxil olur. Başqa bir 90 AT 101 nömrəli avtomobildən də şikayət edirlər. Biz bir neçə maşını əlillər cəmiyyətinə, Onkoloji Mərkəzə və digər belə təşkilatlara hədiyyə vermişik. Onlar da görünür, bundan taksi kimi istifadə edir.”

“Bakı Taksi” MMC-nin İstismar şöbəsindən verilən bu informasiya da özlüyündə sual doğurur. Əlillər Cəmiyyətinə, Onkoloji Mərkəzə verilmiş avtomobildən nə üçün taksi kimi istifadə olunur? Qanun buna icazə verirmi?

Yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov məsələ ilə bağlı münasibət bildirərkən deyib ki, burada bir neçə hüquq pozuntusu müşahidə edilir:

“ Əvvəla onu deyim ki, mövcud qanunvericiliyə görə taksi fəaliyyəti ilə məşğul olan şirkətlər taksini sayğacla təmin etməlidir. Əgər, qüvvədə olan qanun tətbiq edilsə, sürücü taksini sayğacsız sürdüyü üçün 40 -50 manat aralığında cərimə edilməlidir. Bu İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsində nəzərdə tutulub.Əgər, bu qanun tətbiq olunsa, sizin qeyd etdiyiniz qanun pozuntuları da baş verməz.”

Hüquqşünas həmçinin qeyd edib ki, faktla bağlı istehlakı hüquqlarının pozulduğuna görə vətəndaş məhkəmədə iddia qaldırıb, ona dəymiş mənəvi və maddi ziyanı tələb edə bilər.

Femida.az taksi sürücüsünün özbaşnalığı ilə Bakı Nəqliyyat Agentliyindən də münasibət öyrənib. Agentlikdən tezliklə məsələnin araşdırılacağını və sürücünün tapılacağını bildirdilər.