backend

“On yaşıma qədər bunu mənə deməyiblər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Atam şəhid olanda mən beş aylıq körpə olmuşam.  

Atam şəhid olanda mən beş aylıq körpə olmuşam. 

Anam söhbət edir ki, atam zavodda fəhlə işləyib. Həmin gün o da iş yoldaşları ilə birlikdə meydanda etiraz səsini ucaldanlar sırasında olub. Gecə evə qayıtmayıb. Anam səhər onun şəhid olduğunu öyrənib. Atamı güllə ilə başından vurublar.

Bu sözləri Xaçmazdan olan 20 Yanvar şəhidi Zahid Abdullayevin oğlu Tural Abdullayev Azərtac-a müsahibəsində söyləyib.

20 Yanvar şəhidi Zahid Abdullayev doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Uzunoba kəndində dəfn edilib. O, 1959-cu il martın 5-də anadan olub. Bakı Elektrik Maşınqayırma zavodunda fəhlə işləyən Zahid Abdullayev iş yoldaşı Zeynəb ilə ailə qurmuşdu. İki oğul, bir qız atası idi.

Turalın artıq 27 yaşı var. O, şəhid Zahid Abdullayevin sonbeşiyidir. Tural söyləyir ki, 10 yaşına qədər atasının şəhid olduğunu bilməyib. Böyüdülərək evlərinin divarına vurulan şəklin kimə məxsus olduğunu soruşanda böyük qardaşı həqiqəti ona söyləyib. “Mən atamla fəxr edirəm. O, Azərbaycanın müstəqilliyi, azadlığı yolunda şəhid olub. Bu gün azad, firavan yaşamağımızda 20 Yanvar şəhidlərinin, o cümlədən atam Zahid Abdullayevin rolu böyükdür. Bütün şəhidlərimiz kimi, o da Azərbaycan xalqının qəlbində daim yaşayacaq”.

31 yaşında şəhid olan Zahid Abdullayevi yad edənlər arasında nəvələri də var.

Şəhidin böyüyüb-başa çatdığı kəndin məktəbi onun adını daşıyır. Zahid Abdullayev adına Uzunoba kənd tam orta məktəbinin foyesində şəhidin xatirə lövhəsi yaradılıb. Hər il məktəbdə şagirdlərinin iştirakı ilə tədbirlər keçirilir, faciəyə həsr olunan inşa və rəsm müsabiqələri təşkil edilir.

20 Yanvar şəhidi Zahid Abdullayevin Xaçmaz şəhərində yerləşən Şəhidlər xiyabanında da xatirə lövhəsi yaradılıb.