“Ömürlüklər” azad ediləcəkmi – ekspertlərdən fərqli yanaşma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mirvari Qəhrəmanlı: “Qohumlar çalışıb göstərməlidirlər ki, bu adamlar cəmiyyət üçün qorxulu deyil”; Əkrəm Həsənov: “Bunun dövlət büdcəsinə ancaq xeyri var”

 

Mirvari Qəhrəmanlı: “Qohumlar çalışıb göstərməlidirlər ki, bu adamlar cəmiyyət üçün qorxulu deyil”; Əkrəm Həsənov: “Bunun dövlət büdcəsinə ancaq xeyri var”

Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzası alanlarla bağlı güzəştlər tətbiq edilməsi təklif edilir. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 76-cı maddəsinə (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) yeni 4-1 bəndinin əlavə edilməsi təklif olunur.

Yeni bəndə görə, ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin bu məcəllənin 57.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi zamanı onun cəza çəkdiyi dövrün son beş ili ərzində cəzanın çəkilməsi qaydalarına əməl edilməsi halları nəzərə alınır.

Yeni layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, burada bir çox nüanslar var:“Həbsxana həyatı ondan ibarətdir ki, insanların bəzi əməlləri islah olunsun. Onların əvəzinə söz verə bilmərəm ki, bu şəxslər cəmiyyət üçün təhlükəlidir, yoxsa deyil. Çünki bəzən həbsxana insanları daha da ağır hala salır. Nəticədə insanlarda intiqam hissi formalaşır və digər bu kimi proseslər baş verir. Heç kim deyə bilməz ki, OMON-çular cəmiyyət üçün təhlükəlidir, yoxsa yox. Bir məsələ də var ki, bu şəxslərin işini gündəmə gətirmək üçün ilk olaraq onların ailələri, vəkilləri addım atmalıdırlar. Hesab edirəm ki, məsələni yenidən gündəmə gətirməkdə ilk növbədə ailələr, vəkillər maraqlı olmalıdırlar. Ya mətbuat konfransı keçirsinlər, ya Əfv Komissiyasına müraciət etsinlər. Əgər belə olarsa, OMON-çular üçün yüngülləşdirici nə isə etmək olar. Baxın, Ədliyyə Nazirliyi yanında İctimai Komitə var. Ora nə üçün müraciət etmirlər? Bu da çətindir? Qohumlar çalışıb göstərməlidirlər ki, bu adamlar cəmiyyət üçün qorxulu deyil. Bizə müraciət edilməyəndə, kimsə yaxına durmayanda məsələni necə qaldıraq? İlk növbədə ömürlük məhbusun azadlığa çıxmasını arzulayan şəxs olmalıdır ki, hüquq müdafiəçisi də işə qarışa bilsin. Əfv Komissiyasına verilən siyahıda onların da adı qeyd olunur. Ancaq bunun arxasında dayanmaq, müraciətləri davamlı etmək lazımdır. Yuxarıda da qeyd etdiyimiz kimi, təəssüf ki, bunu görmürük”.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a hansı güzəştlərin tətbiq ediləcəyi barədə danışıb: “Bu, hüquqi imkanın tanınmasıdır. O demək deyil ki, mütləq şəkildə azad edilməlidir. Hər bir halda fərdi qiymətləndirmə aparmaq lazımdır və daha sonra prosesdə qərarlar qəbul olunacaq. Onsuz da indi də ömürlük azadlıqdan məhrum edilənlər 10 il keçəndən sonra əfv üçün də müraciət edə bilər. Yəni bu, cəza növünün dəyişdirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquqlar əvvəlcədən də mövcud olub. Sadəcə olaraq, indi daha da konkret mexanizmlər müəyyənləşdirilir. Çünki hər kəsin həm də şansı tanınmalıdır. Bütün hallarda çox qəddarcasına cinayət etmiş, qətllər törətmiş şəxslərin işi şübhəsiz ki, nəzərə alınacaq və cinayətin xarakteri qeyd olunacaq. O demək deyil ki, elə hər kəsi buraxacaqlar. Bu, heç zaman baş verməyəcək. Hələ ki layihə formasında qanunvericiliyə müəyyən dəyişikliklər təklif olunur. Ancaq dünyanın hər yerində müəyyən müddət cəza çəkdikdən sonra həmin şəxslərin azadlığa çıxması, cəza növünün dəyişdirilməsi ilə bağlı müraciət etmək hüququnun olması tətbiq olunub. Hələ bu, müraciət etmək hüququnun yaradılmasıdır. Hər müraciət edən də azadlığa buraxılacaq deyə, bir hal yoxdur. Vaxtından əvvəl azadetmə institutu var, ancaq bu da hər kəsə tətbiq olunmur. Hətta baxırsan ki, ağır cinayət törədib, müraciət edir, ancaq məhkəmə buraxmır. Yəni burada hər bir bəndə fərdi yanaşma olacaq. OMON-çuların işinə gəlincə isə onlarla da tanışam. Ancaq konkret nə isə söyləyə bilmərəm”. Hüquqşünas Əkrəm Həsənov deyir ki, dəyişikliklər qəbul olunarsa, Azərbaycanın cəzaçəkmə yerlərində sıxlıq aradan qalxacaq.

“Azərbaycanın Cinayət Məcəlləsi digər dövlətlərin müvafiq məcəlləsi ilə müqayisədə çox sərtdir. 200-300 manata görə vətəndaş məhkum edilir, 7-8 ilini dəmir barmaqlıqlar arxasında keçirməli olurdu. Halbuki, belə bir cəza siyasəti dövlətə də, vətəndaşa da ziyan vurmaqdan başqa məqsəd daşımır” – deyə hüquqşünas bidirib.

Hüqüqşünas deyib ki, həbs əvəzinə cərimələrin artırılmasını düzgün hesab edir: “Bunun dövlət büdcəsinə ancaq xeyri var. Digər tərəfdən də bu hallar korrupsiya cinayətlərinin də qarşısını alacaq. Xırda cinayətlərə görə çox sərt cəzalar olmalı deyil. Azərbaycanda həbsxanalar, cəzaçəkmə müəssisələri heç vaxt olmadığı qədər məhkumlarla doldurulub. Əlbəttə ki, həbsxanaların, cəzaçəkmə yerlərinin boşaldılmasına çox böyük ehtiyac var. Bu baxımdan, təklif olunan dəyişikliklər təqdirəlayiqdir”.

Qeyd edək ki, Azərbaycanda hər yüz min nəfərə 274 məhkum düşür. Gürcüstanda hər yüz min nəfərə 228,  Ermənistanda hər yüz min nəfərə 132 məhkum düşür. Ümumiyyətlə, adambaşına düşən məhkum sayına görə ölkəmiz Avropada 4-cü yeri tutur.