Dəyirmi Masa iştirakçıları sonda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ Azadlıq Təşkilatı və Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan Prezidentinin cəzaların humanistləşdirilməsinə dair qanunvericilik təşəbbüsü və ömürlük məhbuslar” mövzusunda Dəyirmi Masa keçirilib. QAT-ın Mətbuat Xidmətindən TİA.AZ-a verilən məlumata görə tədbir iştirakçılarından Akif Nağı, Müslimat Rzaxanova, Nurəddin Quliyev, Təranə Məmmədova, Barat İmani, Elxan Qəhrəmanov, Üzeyir İslamzadə, Xatun Səlimxanova, Faiq Şükürov, Bəybala Quliyev, Məryəm Məmmədova və digərləri çıxış edərək fikirlərini, təkliflərini bilidirib, ömürlük həbs cəzasının 15-20 il arası müddətli həbs cəzası ilə əvəz olunmasının, bir sıra məhbusların işinə yenidən baxılması, məhbusların Qarabağda döyüşmələri, gəncliyi, sağlamlıq durumu, ailə vəziyyətinin nəzərə alınmasının vacibliyini qeyd ediblər. Çıxışlarda keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qruplaşması tərəfindən saxta ittihamlarla ömürlük həbs cəzası alan şəxslərin işlərinə yenidən baxılması da xahiş olunub. Tədbir iştirakçıları prezidentin təklif etdiyi qanun layihəsinin müzakirəsi zamanı Baş prokurorluq, Ədliyyə nazirliyi nümayəndələrinin, deputatların məsələyə ədalətlə yanaşacaqlarına ümid etdiklərini bildiriblər. Dəyirmi Masa iştirakçıları sonda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə göstərilir:
Dəyirmi Masa iştirakçıları Sizin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə “sərancamınızı , bu istiqamətdə digər qanunverici təşəbbüslərinizi, bu təşəbbüslərinizdə ömürlük məhbusların da nəzərdə tutulmasını böyük ümid və razılıq hissi ilə qarşılayırlar. Biz bu təşəbbüsünüzü böyük humanist addım kimi dəyərləndirir və təşəkkürümüzü bildiririk.
Mətbuatda gedən bəzi məlumatlara, şərhlərə görə, ömürlük məhbusların taleyi ilə bağlı dəyişikliklərin olacağı gözlənilir . Sizin qanunverici təşəbbüsünüz əsasında Milli Məclis tərəfindən yeni qanunun qəbul olunması nəzərdə tutulur. Yeni qanun lahiyəsində ömürlük məhbuslarlarla bağlı bəzi məsələlərin diqqətdə saxlanılmasını Sizdən xahiş edirik. Birincisi, ömürlük həbs cəzasının 15-20 il arasında müddətli həbs cəzası ilə əvəz olunmasını xahiş edirik. İkincisi, mətbuatda gedən məlumatlara görə, məhbusların işinə yenidən baxılması üçün son beş ildə onların davranışı ilə bağlı şərt müəyyən edilir. Bu, həbsxana rəhbərliyinin neqativ hallara əl atmalarına, sui-istifadə etmələrinə yol aça bilər. Ona görə də bu məsələ ilə bağlı geniş ictimai nəzarətə ehtiyac vardır. Üçüncüsü, ömürlük məhbusların bir hissəsi ilə bağlı vaxtında bəzi subektiv amillərin təsiri altında ədalətsiz qərarlar qəbul olunub. Ona görə də xahiş edirik ki, yeni qanun lahiyəsində bu cür məhbusların işinə yenidən baxılması məsələsi də yer alsın. Dördüncüsü, yeni qanun lahiyəsində məhbusların Qarabağ müharibəsində iştirakı, şəhid ailəsi, Qarabağ əlili olması, xəstəliyi, gəncliyi, ailə vəziyyəti və digər yüngülləşdirici halların nəzərə alınmasını xahiş edirik. Humanist təşəbbüsünüzə görə Sizə bir daha təşəkkür edir, müraciətimizə diqqətlə yanaşacağınıza inanırıq.