Ömürlük həbs edilən şəxs sələmçi qadını və onun ərini niyə öldürüb?

Ömürlük həbs edilən şəxs sələmçi qadını və onun ərini niyə öldürüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz rayonu Yalama kəndində 2 nəfəri öldürərək evi yandırmaqda təqsirləndirilən Ramin Ağaxanovun cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O qeyd edib ki, mərhumlar – Aslan Tarverdiyev və Rumayə Tarverdiyevanı Xaçmaz rayonu, Yalama kənd sakinləri kimi tanıyıb: “Rumayənin sələmçiliklə məşğul olduğunu və faizə borc pul verdiyini bilmişəm. Bakı şəhərində yaşayırdım. Dolanmaq çətin olduğu üçün ayrı-ayrı şəxslərdən borc pul almışdım və ödəyə bilmirdim. Buna görə də Rumayədən borc pul almaq qərarına gəldim. Həmin vaxta kimi Rumayəgillə aramda heç bir ünsiyyət yox idi və ondan borc pul almamışdım. 2022-ci ilin dekabr ayının əvvəllərində günorta saatlarında Rumayəgilin Xaçmaz rayonu Yalama kəndi ərazisində yerləşən evinə getdim, qapını döydüm. Qapını Aslan açdı. Ona borc pul almaq üçün gəldiyimi dedim. Aslan isə gözləməyimi bildirib Rumayəni çağırdı. Rumayə darvazaya yaxınlaşanda Aslan evə keçdi. Qadınla özümü təqdim edib Rəhmanın oğlu olduğumu və 5000 manat borc pul almaq istədiyimi söylədim. Rumayə məni evə dəvət etdi və borc pulun verilməsi qaydasını izah etdi. O, məndən şəxsiyyət vəsiqəsini istəyib sənədin kodunu və verəcəyi pulun məbləğini kağıza qeyd etdi. Lakin həmin kağızda heç bir imza çəkmədim və Rumayə aylıq 400 manat ödəniş edəcəyimi deyərək 5000 manat pul verdi. Pulu qadından alıb getdim. 2023-cü ilin yanvar və fevral aylarında hər ay 400 manat olmaqla ödənişləri vaxtlı-vaxtında ödədim. Ailədaxili maddi çətinliklərim olduğu üçün 2023-cü ilin mart ayının əvvəllərində Rumayəgilə gedib 400 manat ödənişi edərək aylıq ödənişi 200 manat endirməyini xahiş etdim. Lakin o, razılaşmadı və mənimlə uca səslə, çox kobud formada danışaraq atmacalı sözlər işlətdi. Ancaq həmin vaxt Rumayə mənə qarşı nalayiq ifadələr işlətmədi və aramızda yalnız sözlü mübahisə oldu. 04 aprel 2023-cü il tarixdə, saat 20:00-da işdə növbəni təhvil verib Xaçmaza yola düşdüm. 07-08 aprel 2023-cü il tarixlərdə işdə olmalı idim. Lakin Rəşad adlı baş ustaya zəng edib icazə aldım. Çünki 09-10 aprel 2023-cü il tarixlər istirahət günlərim idi. Bundan başqa, sosial yardım almaq üçün sənədləşməyə görə 10 aprel 2023-cü il tarixdə ailəmlə birlikdə notariusa getməliydim. 09 aprel 2023-cü il tarixdə, saat 20 radələrində növbədə olduğum üçün anamı aparıb işə ötürdüm və evə qayıtdım. Evdən 200 manat pulu götürdükdən sonra Rumayəgilə gəldim. Darvazanı döysəm də, qapını heç kim açmadı və geriyə çəkilib evə boylandım. Evdə kənar şəxslərin olduğunu gördüm. Meşəyə doğru gedərək 15-20 dəqiqə vaxt ötürdükdən sonra geriyə qayıtdım və bu vaxt evin darvazasından 3 nəfər tanımadığım qadın çıxaraq küçə ilə getdilər. Mən isə darvazaya yaxınlaşıb onu möhkəm döydüm. Sonra qapını Aslan açdı. Aslana borc ilə bağlı gəldiyimi bildirəndə o, bununla bağlı Rumayəyə məlumat verdi. Evə çağırdı, içəri keçdim. Qadına 200 manat pul gətirdiyimi, faizi aşağı endirməsini dedim. Lakin Rumayə mənimlə bu dəfə söyüşlə danışmağa başladı, özümü və ailə üzvlərimin ünvanına nalayiq ifadələr işlədib “borcun 10 mindi, səndən o pulu alacam, səni süründürəcəm” sözlərini deməyə başladı. Sonra Rumayəyə bir neçə zərbə vurdum. Qadının əlindən bıçağı alanda tiyəsi əlimi kəsdi. Daha sonra əlimdə bıçaqla evi tərk edib darvazaya doğru gələndə Aslan boyum nahiyəmdən bel sapı ilə vurdu. Fırlanıb bıçaqla Aslana bir zərbə endirdim. Ancaq bıçağın Aslanın bədəninin hansı nahiyəsinə dəydiyini xatırlamıram. Aslan yerə yıxıldıqdan sonra törətdiyim işə görə şoka düşdüm və yerdə çökərək bir qədər fikirləşdim. Bu işi necə ört-basdır edəcəyimi düşündüm. Əvvəlcə evə gedərək Rumayənin ölüb-ölmədiyini yoxladım və qadın hərəkət etmirdi. Artıq Rumayənin ölməsindən əmin oldum. Əgər Rumayə və Aslan ölməsəydi, onlara tibbi yardım etmək üçün əlimdən gələni edəcəkdim. Sonra çölə çıxaraq Aslanı sürüyüb evin qonaq otağına, yəni Rumayənin yanına gətirib uzatdım. Aslanı çöldən evə gətirəndə artıq onun xırıltısı kəsilmiş və öldüyündən əmin oldum”.

 

Ramin Ağaxanov deyib ki, hadisədən sonra otaqdakı şkafları axtarmağa başlayıb və bir neçə sənədi əlinə götürüb adının olduğu kağızı tapa bilmədiyib: “Həmin vaxt sənədlərə, əlimlə toxunduğum digər yerlərə qan bulaşmışdır. Düşündüm ki, qan ləkələri Rumayə və ya Aslanındır. Bundan sonra divanın üzərindəki yorğanı alt hissədən alışqanla yandıraraq evdən çıxdım. Evi tərk edib tövlənin yanındakı qapıdan çıxaraq evə doğru getdim. Meşə ilə evə doğru gedəndə yolu azdım. Sonra bir təhər evə gedib çıxdım. Meşənin içərisində olanda Rumayəgilin evinin damının partlayışının səsləri gəlirdi. Evin belə tez yanacağını gözləmirdim. Çünki evi yandıranda hər hansı yanıcı maddədən istifadə etməmişdim. 10 aprel 2023-cü il tarixdə saat 10 radələrində ailə üzvlərimlə birlikdə Xaçmaz şəhərindəki notariusa getdik. Notariusda sənədləri imzaladıqdan sonra ailəm Yalamaya qayıtdı və mən Bakıya yola düşdüm. Hazırda etdiyin əməldən peşmanam”.

 

Qeyd: Hadisə ötən ilin aprelində baş verib. Kənd sakinləri – -cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın yaşadıqları evdə baş vermiş yanğından sonra meyitlərinin hadisə yerində aşkar olunması faktı üzrə Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Cinayət işi üzrə hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-genetik, məhkəmə tikinti-texniki, məhkəmə fiziki-kimyəvi və digər ekspertizalar təyin edilib. Bundan əlavə tədqiqat üçün 600 nəfərə yaxın şəxsdən zəruri nümunələr götürülüb. İstintaqla Ramin Ağaxanovun zərərçəkmiş şəxslərə olan xeyli miqdarda pul borcunu ödəməkdən yayınmaq üçün onların yaşadığı evə gələrək qəsdən öldürməkdə, cinayət əməlini gizlətmək və cinayətin izlərini məhv etmək məqsədilə evi qəsdən yandırmaqda və hadisə yerini tərk etməkdə ittiham edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağaxanov ömürlük azadlıqdan məhrum edilib. O, cəzasını həbsxanada çəkəcək.