Ombudsman Aparatı Quba rayon Məhkəməsində baş vermiş hadisəyə münasibət bildirib.
Ombudsman Aparatı Quba rayon Məhkəməsində baş vermiş hadisəyə münasibət bildirib.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkədə yayılmış məlum videoya onlar tərəfindən baxılıb və araşdırma aparılıb: “Ombudsman Elmira Süleymanovanın tapşırığı ilə məsələ araşdırıldı. İlkin olaraq Ədliyyə Nazirliyinin İcra Baş idarəsinə məktubla müraciət edərək bildirdik ki, 10 yaşlı Nuray Əvəz qızı Bayramzadəyə qarşı kobudluq baş verib. Onun psixoloji durumu nəzərə alınmayıb. Bu hərəkətə yol verməklə qanunvericiliyin tələbləri pozulub. Biz İcra Baş İdarəsindən məsələnin araşdırılıb, nəticəsi barədə məlumat vermələrini xahiş etmişik. Bundan əlavə müvəkkilin tapşırığı əsasında Ombudsman Aparatının Quba rayon Regional Mərkəzininin nümayəndələri uşaq və xalası ilə görüş keçiriblər. Hazırda uşaq və xalası Alekseyevka kəndindədir. Biz onun xalası ilə də əlaqə saxladıq. Uşağın psixoloji durumu normal vəziyyətdədir. Onlara da bildirdik ki, hər hansı problem olsa qaynar xəttimizlə əlaqə saxlasınlar. Bu məsələ Ombudsmanın nəzarətindədir ”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda 10 yaşlı Nurayın xalasından alınaraq atasına verilməsi zamanı uşağa qarşı məhkəmə icraçıları tərəfindən yol verilən zorakılıq əksini tapıb.