“OMAR NN GROUP”un 3 rəqəminə olan “sevgisi”: Totem, yoxsa…

“OMAR NN GROUP”un 3 rəqəminə olan “sevgisi”: Totem, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yeni tenderinin nəticəsini elan edib.

Tribunainfo.az xəbər verir ki, universitet əsas tədris binasının cari təmir işlərinin satınalmasını həyata keçirəcək.

Məlumatda deyilir ki, tenderin qalibi “OMAR NN GROUP” MMC olub. Şirkətlə 207 min 333 manat 33 qəpiyə anlaşma əldə olunub.

Tribunainfo.az-ın araşdırmasına görə, sözügedən şirkət son bir ildə daha iki tenderin qalibi olub. Belə ki, bu ilin martında MMC Ali Məhkəmənin inzibati binasının təmirini reallaşdırıb. Bunun müqabilində isə 106 min 33 manat 3 qəpik pul alıb.

Digər tender isə “AQROSERVİS” ASC-nin keçirdiyi müsabiqə olub. Məlumata görə, ASC Bakıxanov qəsəbəsində yerləşən inzibati binasını “OMAR NN GROUP”a təmir etdirib. Həmin işlərin görülməsi üçün isə tərəflər arasında 740 min 283 manat 3 qəpik dəyərində müqavilə imzalanıb.

Maraqlı məqam odur ki, “OMAR NN GROUP” MMC bütün tenderlərində yekun rəqəm olaraq 3 rəqəmindən istifadə edir. Bunun “uğurlu rəqəm” və ya “şan gətirən” olmasını deyə bilməsək də, totem olduğu aydın görünür.

Qeyd edək ki, “Omar NN Group” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Namiq Ömərov Nüsrət oğludur. Hüquqi ünvanı AZ1132, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94 məhəllə, ev 2/7, mənzil 118 ünvanında yerləşir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur