Ölüm düşərgəsinin cəllad nəzarətçisi – Lexert Xildeqard fürerdən sonra MKİ-yə də işləyib

Ölüm düşərgəsinin cəllad nəzarətçisi – Lexert Xildeqard fürerdən sonra MKİ-yə də işləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, nasistlərin əsir düşərgələrində xidmət edən qadınlar arasında “peşəkar cəllad” adını qazanıb. Osvensum, Maydanek, Boltsano kimi ölüm düşərgələrində ad çıxaran Lexert Xildeqard qəddarlığı, amansızlığı, özünəməxsus işgəncə metodları ilə fərqlənib. Minlərlə insanın həyatına son qoyan cəllad qadın məhkəmə qarşısında bütün cinayət əməllərini etiraf etsə də, peşmançılıq hissi keçirmədiyini bildirib:

“Mənə ikinci dəfə iş seçimi imkanı verilsəydi, mən yenə də əsir düşərgəsində nəzarətçi işləyərdim. Adolf Hitler hakimiyyətinə, nasistlərə qarşı çıxan düşmənləri yenə də məhv edərdim. Böyük Almaniyaya xor baxanlar yalnız işgəncələrlə məhv edilməlidir və mən bu missiyanı böyük məmnunniyyətlə həyata keçirmişəm. Heç bir təəssüf və peşmançılıq hissi keçirmirəm. Mən fürerimə xidmət etmişəm və bundan qürur duyuram…”

Lexert Xildeqard 1920-ci ildə Berlində anadan olub. Orta təhsilini başa vurduqdan sonra dərzilik məktəbinə qəbul olunub. Bir neçə aydan sonra o, təhsilini yarımçıq qoyaraq fabrikdə işləməyə başlayıb. Burada da uzun müddət qərar tutmayan Lexert Xildeqard 1942-ci ildə nasistlərin Polşa ərazisindəki Maydanek əsir düşərgəsinə nəzarətçi vəzifəsinə qəbul olunub. İşə qəbul zamanı müsabiqədən uğurla keçən gənc qız yüksək rütbəli nasist zabitlərində “xoş” təəssürat yaradıb. Belə ki, onun kobud və sərt olması düşərgə rəhbərliyinin xoşuna gəlib.

5-7.jpg (92 KB)

İşə başladığı gündən kobudluğu ilə fərqlənən Lexert düşərgədə yeni işgəncə metodları tətbiq edib. Bu işgəncələrin ən dəhşətlisi isə itləri hamilə qadınların üstünə buraxmaq olub. İtlərin ana bətnindən körpəni çıxarıb parçalamsı səhnəsindən L.Xildeqard zövq alıb.

O, əsirlərin ən adi etirazlarına olduqca sərt reaksiya verib. Eyni şəxs tərəfindən hər hansı bir etiraz ikinci dəfə təkrar olunduqda isə cəllad nəzarətçi həmin məhbusa xəndək qazdırıb, xəndəyin içində tonqal qalatdırıb və sonda həmin məhbusu diri-diri tonqalda yandırıb.

L.Xildeqard hər gün bir-iki saat məhbusları döymək “tədbir”i həyata keçirib. Xüsusi hazırlanmış dəmir dəyənəkdən istifadə edən cəllad döydüyü məhbusun qarın nayihəsi açılmayıncaya qədər sakitləşməyib.
Almaniyanın müharibədəki məğlubiyyətindən sonra ölkədən qaçmağa cəhd edən Lexert Avstriya ərazisində həbs olunub. 1947-ci ildə o, hərbi cinayətdə ittiham olunaraq Krakov məhkəməsinə verilib. Məhkəmə Lexert Xildeqardın bütün cinayət əməllərini sübuta yetirib və o, 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

lossless-page1-510px-Hildegard_Lächert_1947.tiff.png (210 KB)

Cəzasının doqquz ilini çəkdikdən sonra Lexert Xildeqard 1956-cı ildə amnistiyaya düşərək azadlığa çıxıb. 1957-ci ildə o, Almaniyanın Geydelberq şəhərində məskunlaşıb və bu şəhərdə fəaliyyət göstərən fahişəxanaların birində xidmətçi işinə düzəlib.

Məhz bu ərəfədə Xildeqard ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən əməkdaşlığa cəlb olunub. O, bu təklifi böyük məmnunniyyətlə qəbul edib. Amma çox keçməmiş Lexert Xildeqard Berlində gecə klublarının birində sərxoş vəziyyətdə Mərkəzi Kəşfiyyat İdarəsinin təlimatını pozaraq artıq danışıqlara yol verib. Bu hadisədən sonra onun bu gizli fəaliyyətinə də son qoyulub.

350758-main.jpg (100 KB)

1975-ci ildə Lexert Xildeqard növbəti dəfə Maydanek əsir düşərgəsi ilə bağlı başlanan məhkəmə prosesinə cəlb edilib. Şahidlərin ifadələrindən sonra onun növbəti hərbi cinayətləri öz təsdiqini tapıb. Dövlət ittihamçısı məhkəmədən Lexert Xildeqardın ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə onun birinci həbsini nəzərə alaraq cinayətkar qadını bu dəfə 12 il azadlıqdan məhrum edib.
Cəzasının səkkiz ilini çəkdikdən sonra şərti azadlığa buraxılan Lexert Xildeqard ayrı-ayrı müəssisələrdə xadimə və xidmətçi işləyib. Amma o, heç bir yerdə uzun müddət qərarlaşa bilməyib. Kobud davranışına, işinə məsuliyyətsiz yanaşdığına görə onu hər yerdən qovublar.

Untitled-design-23.png (238 KB)

Ömrünün son illərini səfil vəziyyətində yaşayan Lexert Xildeqard 1995-ci ildə, 75 yaşında vəfat edib.
Ölümündən bir neçə il əvvəl jurnalistlərə müsahibə verən Xildeqard düşdüyü vəziyyəti belə izah edib:
“Biz fürer ölən gün səfil olduq. Yəqin ki, Hitler də gələcəkdə belə vəziyyətə düşəcəyini anlayaraq intihar edib. Gərək biz də vaxtında intihar yolunu seçəydik. Bu daha düzgün olardı. Həm də dünyada danılmaz bir həqiqət var, qan içində olan adam xoşbəxt ola bilməz. Mən öz sonumu bundan artıq təsəvvür etmirdim. Bu cür həyat mənim haqqımdır…”

İlham Cəmiloğlu