“Ölüm cəzası da verilsə, razıyam”- 6 tələbəni öldürən sürücü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən mikroavtobus sürücüsü Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən mikroavtobus sürücüsü Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İclasa hakim Novruz Kərimov sədrlik edib. 

Zərərçəkmiş Eynulla Muradov övladının dünyasını dəyişməsi ilə bağlı dəymiş maddi və mənəvi ziyana görə, təqsirləndirilən şəxsdən 122 min manat təzminat tələb edib.

Prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən N.Hüseynov özünü təqsirli bilib. N.Hüseynov deyib ki, həmin tələbələrlə bir ailə kimi olub:

“Həmin uşaqlarla şəxsi qərəzim olmayıb, onlara dayı olmuşam. Mənə ölüm cəzası da verilsə, razıyam. Bu hadisə ehtiyatsızlıqdan baş verib. Bu hadisəni heç vaxt özümə bağışlamayacağam. Həmişə vicdan əzabı çəkəcəyəm. Martın 9-da da – hadisə baş verən gün hər zaman olduğu kimi, uşaqlar maşına mindi və yola çıxdıq. Mən elə bil yuxuda idim, heç nə düşünmürdüm. Tələbələrdən biri qışqıranda artıq ayıldım və maşını döndərməyə cəhd etdim. Çox adam yaralandı. Yalnız bir nəfər – Çinarə adlı tələbə dünyasını dəyişmişdi”.

Prosesdə məlum olub ki, N.Hüseynov mikroavtobusu etibarnaməsiz idarə edib və o, normadan artıq sərnişin daşıyıb. O da məlum olub ki, N.Hüseynov 14 nəfərlik sərnişin daşımalı olduğu halda, mikroavtobusa 27 sərnişin götürüb.

Prosesdə zərərçəkmiş şəxslər də ifadə verib. 

Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə – Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 21 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.(azvision.az)