Prezident Fransua Olland fevralın 8-də Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının (CCAF) təşkil etdiyi ənənəvi şam yeməyində çıxışı zamanı Fransanın milli təhsil, ali təhsil və tədqiqatlar naziri Najat Valo-Belkasemə soyqırımı, kütləvi qırğın, müharibə və bəşəriyyət əleyhinə cinayətləri tədqiq edəcək xüsusi missiyanın yaradılmasına dair göstəriş verdiyini bəyan edib.
Prezident Fransua Olland fevralın 8-də Fransanın Erməni Təşkilatlarının Əlaqələndirmə Şurasının (CCAF) təşkil etdiyi ənənəvi şam yeməyində çıxışı zamanı Fransanın milli təhsil, ali təhsil və tədqiqatlar naziri Najat Valo-Belkasemə soyqırımı, kütləvi qırğın, müharibə və bəşəriyyət əleyhinə cinayətləri tədqiq edəcək xüsusi missiyanın yaradılmasına dair göstəriş verdiyini bəyan edib.
Əslində bu qərar erməni icmasının qondarma “erməni soyqırımı”nın Fransada rəsmi anım gününün təsis edilməsinə dair təzyiqlərini aydın görməyə imkan verir. Həmin missiyanın yalnız qondarma “erməni soyqırımı”nı deyil, bütün soyqırımı və kütləvi qırğın hallarını tədqiq edəcəyini nəzərə alaraq, Prezident Fransua Ollandın bu çıxışından sonra Xocalı soyqırımının 25 illiyinin qeyd edildiyi bir vaxtda – fevralın 25-də Azərbaycanın Dostları Assosiasiyasının rəhbəri, Milli Assambleyanın deputatı Jan-Fransua Mansel Xocalı soyqırımının həmin siyahıya daxil edilməsi ilə bağlı Fransa Prezidentinə məktub ünvanlamışdı.
J.F.Mansel məktubunda 25 il əvvəl – fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin Ermənistan tərəfindən işğal edildiyini, şəhərin tamamilə yandırıldığını, əhalisinin qətlə yetirildiyini və əsir götürüldüyünü qeyd edib. Bildirib ki, 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı olmaqla, 613 mülki şəxs qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 1275 nəfər əsir götürülüb. J.F.Mansel bu cinayəti soyqırımı kimi qiymətləndirərək, onun Azərbaycan tarixinin ən faciəvi səhifələrindən olduğunu bildirib.
Assosiasiyanın rəhbəri məktubunda Fransa Prezidentinin CCAF-ın təşkil etdiyi şam yeməyində “soyqırımı, müharibə və bəşəriyyət əleyhinə cinayətlərin anım gününün təsis edilməsi” niyyətini bəyan etməsini xatırladaraq, bu addımın gerçəkləşəcəyi təqdirdə Xocalı soyqırımının da anılması istəyini qeyd edib. O, azərbaycanlı şəhidlərə də digərləri kimi eyni münasibət nümayiş etdirilməsini xahiş edib.
Martın 30-da Fransa Prezidenti Kabinetinin direktoru Jan-Pyer Uq J.F.Manselə cavab məktubu ünvanlayaraq, Fransa Prezidentinin Azərbaycanın Dostları Assosiasiyasının rəhbərinin “Sovet İmperiyasının süqutundan sonra Azərbaycanda 1992-ci ildə baş vermiş faciəvi hadisələrlə bağlı” adlı məktubunu aldığını bildirib. O, Fransa Prezidentinin J.F.Manselin bu məktubu ilə diqqətlə tanış olduğunu və bütün soyqırımı, müharibə və bəşəriyyət əleyhinə cinayətlərin qurbanlarının xatirəsinin unudulmamasına önəm verdiyini qeyd edib.
Belə faciələr haqqında məlumatlandırma işinin tarixçilərin vəzifəsi olduğunu və buna görə də milli təhsil, ali təhsil və tədqiqatlar naziri tərəfindən xüsusi missiyanın yaradılmasının tapşırıldığını xatırladıb. Missiyanın məqsədinin soyqırımları, müharibə və bəşəriyyət əleyhinə cinayətlərin daha dəqiq şəkildə tanınması, anlaşılması üçün Fransa hökumətini bu faciələr haqqında məlumatlandırmaqdan ibarət olduğunu bildirib.
Qeyd edək ki, bununla əlaqədar Azərbaycan tərəfi Xocalı soyqırımı ilə bağlı bütün məlumatları aidiyyəti şəxslərə çatdıracaq.(AzərTac)