“ÖLKƏYƏ BU MAŞINLARIN BURAXILMAMASI MƏNASIZ QƏRARDIR…” – EKSPERTbackend

“ÖLKƏYƏ BU MAŞINLARIN BURAXILMAMASI MƏNASIZ QƏRARDIR…” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaşı 10 ildən artıq olan işlənmiş avtomobillərin idxalına tətbiq edilən yeni məhdudiyyətin məqsədini müxtəlif formada izah edirlər. Bir çoxları hesab edir ki, yaşı on ildən aşağı olan avtomobillərin məhdudiyyəti ilə bağlı qərarın əsas məqsədi ölkədə maşın sayının azalmasına nail olmaqdır. Ekspertlərin fikrincə, məhdudiyyət həm də ona görə qoyulub ki, hər kəs avtomobil almaq imkanına malik olmasın və bununla da paytaxtda tıxac probleminin qarşısı alınsın.

Mövzu ilə bağlı Tribunainfo.az-a açıqlama verən yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ölkəyə gətirilən avtomobillərin ilinə görə məhdiduyyət tətbiq etmək ölkədə maşın sayını, dolayısı ilə də tıxacların sayını heç bir şəkildə azaltmayacaq.

Ekspert hesab edir ki, bu məhdudiyyət ancaq avtomobil bazarında qiymət artımına səbəb olacaq:

“Ölkədə ictimai nəqliyyat saat dəqiqliyiylə işləməli, ictimai nəqliyyatın bütün növləri olmalı, traleybus, tramvay kimi nəqliyyat vasitələri xidmət göstərməli, metro şəbəkəsinin genişləndirməlisi kimi işlər görülməlidir. Bu işləri görmək əvəzinə hökumət avtomobilləşmənin qarşısını almağa çalışır, ölkəyə gətirilən avtomobillərin ilinə görə məhdudiyyət tətbiq edir.

Bəzi ölkələr də bu addımı atıb, ancaq o ölkələrin daxili istehsalı var və özü istehsal etdiyi avtomobilləri satır. Bizim ölkədə istehsal olunan avtomobillərdə iki ildən sonra elə problemlər çıxır ki, sürücülər ona heç maraq da göstərmir.
Tətbiq edilən məhdudiyyət tıxacın qarşısını almayacaq. Qiymət artımına səbəb olacaq. Ancaq yenə də avtomobil gətirənlər gətirəcək, alanlar da alacaq. Ölkədə ictimai nəqliyyat bərbad vəziyyətdə, üstəlik avtomobilləşməyə də məhdudiyyətlər tətbiq et – bəs insanlar nə etsin? Bu ölkə ancaq yeni istehsal edilmiş avtomobil almağa imkanı olan şəxslərdən ibarət deyil axı. Mən ümumiyyətlə bu məhdudiyyəti olduqca mənasız bir şey hesab edirəm. Bu ancaq ölkədə müasir avtomobilləşməyə səbəb ola bilər və bir də təbii ki, avtomobillərin qiymət artımına”.