Azərbaycan Dəmir Yollarının (ADY) İnfrastruktur departamentinin rəhbəri Elçin Zülfüqarovun geniş müsahibə verib. Onun açıqladığı rəqəmlər çox maraqlıdır. Ölkədə 4234 km dəmir yolları varmış və bu yolların böyük əksəriyyəti 20-ci əsrin 50-ci, 60-cı illərində çəkilib. İnfrastruktur çox köhnəlib, ciddi yatırımlara, yenilənməyə ehtiyac var. Doğrudur, ADY hissə-hissə yolları modernləşdirir, təmir edir, amma bu işlərin xeyli sürətləndirilməsinə ehtiyac var, çünki hər il ayrılan vəsait çox olmadığına görə yenilənən yolların həcmi çox deyil.
Tribunainfo.az bu mövzuda reaksiyalar olduğunu bildirir. Məsələn, iqtisadçı Natiq Cəfərli deyir ki, nəqliyyat sektorunun Azərbaycan ÜDM-də payı son 1 ildə 5,4%-dən 7%-ə yüksəlib – deməli, bu sahənin sürətlə artma potensialı var. Bundan başqa, Azərbaycanın “post-neft” dönəminə artıq daxil olduğunu nəzərə alsaq, ölkə iqtisadiyyatının yeni “driver”-lərə acil ehtiyacı var. Nəqliyyat sektoru, əsasən də dəmir yolları ilə tranzit yükdaşımalar ölkə iqtisadiyyatı üçün yeni fürsətlər aça bilər. Onu da nəzərə alaq ki, Azərbaycan öz coğrafi mövqeyini iqtisadi dividendə çevirmək, regional nəqliyyat-logistika mərkəzi olmaq planları var – deməli nəqliyyat sektoruna daha çox investisiya qoyulmalı, dəmir yolları həm sürətli, həm də təhlükəsiz olmalıdır. Amma 50-60-cı illərdən qalmış infrastrukturla bunu etmək çətindir, daha sürətli müasirləşmə baş verməlidir ki, indiki qarışıq dünyada yeni nəqliyyat “hub”-ı olmağa imkanımız olsun. İqtisadçı əlavə edir ki, ötən əsrin 30-cu illərində ABŞ-da ciddi iqtisadi böhran (Great Depression) yaşandı, o zaman işsizlik, kasıblıq dəhşətli dərəcədə artmışdı. ABŞ hökuməti böyük depressiyadan, böhrandan məhz nəqliyyat infrastrukruruna küllü miqdarda investisiya qoyaraq çıxdı – milyonlarla iş yeri yarandı, ölkənin Qərbdən Şərqə, Şimaldan Cənuba bağlayan, Atlantik okeanını Sakit Oken ilə birləşdirən dəmir yolları şəbəkəsi quruldu. Nəticədə ABŞ iqtisadiyyatı böhrandan çıxdı və günü bu gün də ölkənin əsas yolları o zaman tikilən yollardır. İndi bizim də qarşımızda dövlət investisiyalarının rasional xərclənməsi, bunun iqtisadi aktivliyə böyük dəsək verməsi vəzifəsi var – məncə, 4234 km-lik dəmir yollarının süətlə müasirləşdirilməsi layihəsi onminlərlə iş yeri və yeni qitisadi fürsətlər yarada bilər.
Roman