Ölkəmizdə təbiəti sevən bir nəsil böyüyür –  Dosent Şəbnəm Əsədova ilə MÜSAHİBƏbackend

Ölkəmizdə təbiəti sevən bir nəsil böyüyür – Dosent Şəbnəm Əsədova ilə MÜSAHİBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və Biologiya fakültəsinin “Biologiya və onun tədrisi texnologiyası” kafedrasının dosenti Şəbnəm Əsədova Tribunainfo.az-ın suallarını cavablandırıb.

Ş.Əsədova müsahibəsində bugünümüzdə aktual olan ekoloji təhsilin və maarifləndirmənin əhəmiyyəti haqqında vacib məsələlərə aydınlıq gətirib.

Müsahibəni təqdim edirik:

-Şəbnəm xanm, cəmiyyətin inkişafında ekoloji təhsilin rolu nədir ?

-İnsan və təbiət arasındakı ahəngdar münasibəti qorumaq indiki nəslin qarşısında duran mühüm vəzifədir. Bu problemin həlli insanı dəyərlərin müqayisəsi, hər bir insanda ekoloji şüurun və ekoloji mədəniyyətin inkişaf etdirilməsi zərurəti haqqında əvvəllər formalaşmış bir çox fikirlərin dəyişdirilməsini tələb edir. Buna görə də təbiətin və cəmiyyətin birgə inkişafı prinsipləri üzrə yeni ekoloji təfəkkürün formalaşması geniş ekoloji təhsil və tərbiyə olmadan mümkün deyil.
Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən doğur. Ekoloji təhsil və tərbiyə cəmiyyətin ekoloji rifahının əsasını təşkil edir və bir çox elmlərin nailiyyətlərindən istifadə edən təbii və sosial biliklərin xüsusi inkişaf edən sistemini təmsil edir.

-“Ekoloji təhsil” və “Təhsil sisteminin ekologiyalaşdınlması” anlayışlarının fərqi varmı ?

-Biz ekoloji təhsili elmi, praktiki bilik və bacarıqlar, habelə dəyər, davranış və fəaliyyətlər sisteminin formalaşmasına yönəlmiş davamlı təlim, təhsil və şəxsi inkişaf prosesi kimi nəzərdən keçirsək daha doğru olar. Ekoloji təhsil ətraf aləm və planetimizdəki həyatın quruluşu haqqında bilik çatışmazlığını kompensasiya edir. Bu biliyin olmaması isə ekoloji qeyri-sabitliyə səbəb olur. Və bu boşluğu təhsilin köməyi ilə doldurmaq bizə mövcud çatışmazlığı aradan qaldırmağa imkan verir.
Təhsil sisteminin ekologiyalaşdınlması isə müasir dövrün ekoloji problemlərinin , davamlı inkişafın ideya və konsepsiyalarının tədrisin məqsədlərində, məzmununda, metodlarında, vasitələrində və formalarında əks etdirməyə yönəlmiş mürəkkəb çoxşaxəli prosesdir.

-Bilik sahəsi kimi ekologiyanın təhsil sisteminə təsirini nədə görürsüz?

Bilik sahəsi kimi ekologiya təhsil sisteminə güclü təsir göstərir. Bu, ilk növbədə ümumi orta təhsilin məqsədlərinin yenidən istiqamətləndirilməsinə, eləcə də mütəxəssislərin hazırlanması və yenidən hazırlanmasının keyfiyyətinə təsir göstərir, ətrafımızdakı dünyaya geniş baxışın formalaşmasını və yeni idrak fəallıığını tələb edir . Ənənəvi istehlakçı, “ekofobdan”dan fərqli olaraq universal insan təbiətinin “ekofil” istiqamətlərinin inkişafına təsir edir.

-Bəs cəmiyyətdə ekoloji mədəniyyətin formalaşmasına hansı təsirlər var?

-Günümüzün reallığı ekoloji mədəniyyətin təbliği və ekoloji maarifləndirmənin genişləndirilməsini tələb edir.
Ənənəvi ekologiya ilə yanaşı, “ekoloji mədəniyyət” və “ekoloji şüur” hər bir vətəndaşın prioritet dəyəri olmalıdır və insanın həyati proseslərində mənəvi mühitin qorunmasına yönəldilməlidir ki, bu da gələcəkdə hərtərəfli inkişafa kömək edəcəkdir. İnsan şəxsiyyətinin inkişafı, həm sosial həyat, həm də onun yaşayış mühitinin ətraf mühitin idarə edilməsi məsələlərini fəal şəkildə həll edir.Cəmiyyətdə “ekoloji mədəniyyətinin ” yaxşılaşdırılması tədbirləri arasında ekoloji təhsil və tərbiyə mühüm yer tutur. Ekoloji tərbiyə insanların hisslərinə, onların şüuruna, baxışlarına və ideyalarına təsir etmək üsuludur. O, vətəndaşların şüur səviyyəsini yüksəldir, onlarda təbiətə hörmət, onun vəziyyətinə qayğı hissini inkişaf etdirir, hər kəsin təbii mühitdə əxlaqi davranışa hazır olmasını təmin edir.

-Ekoloji təhsilin hüdudları varmı?

-Ekoloji tərbiyyə ekoloji təhsillə tamamlanır. Ekoloji təhsil ətraf mühitin mühafizəsi üçün zəruri olan bilik, səriştə və bacarıqların əhatə dairəsini ehtiva edir. Eyni zamanda mütəxəssislərin peşəkar hazırlığa təşviq edir və ümumi təhsil, təlim ,kadr hazırlığı sisteminin tərkib hissəsi hesab edilir.Tədris prosesinin müxtəlif mərhələlərində ekologiyanın tədrisnin öz vəzifələri var.
Məsələn , ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsində aşağıdakıları təşkil etmək məqsədəuyğundur: insanla ətraf mühitin əlaqəsi haqqında əsas təsəvvürləri formalaşdırmaq, habelə təbiətə münasibətin mənəvi tərəflərinin əhəmiyyətini dərk etmək; ətraf mühitin mühafizəsi üzrə əsas bacarıq və təcrübəyə yiyələnmək. Ayrı-ayrı fənlərin tədrisində ekoloji təhsil və tərbiyə üçün böyük imkanlar vardır. İbtidai siniflərdə şagirdlər təbiətşünaslıq və ətraf aləmlə tanışlıq dərslərində təbiət və onun mühafizəsi haqqında ilkin təsəvvürlərə yiyələnir, onlarda təbiətə məhəbbət, onu qorumağın vacibliyi fikri aşılanır.
Ekoloji təhsil ənənəvi öyrənmə məkanlarının hüdudları ilə məhdudlaşmır, əksinə, müxtəlif yanaşmaları əhatə edən dinamik bir sahədir. Məsələn, bura ictimaiyyəti cəlb edən interaktiv seminarlar, təbiət gəzintiləri kimi təcrübə öyrənmə imkanları və ekoloji mesajların əhatə dairəsini genişləndirən innovativ rəqəmsal platformalar daxildir.
Məsələn, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar 2024-cü il aprelin 15-də Universitetimizdə (ADPU) Ekoloji Bilik Gününə həsr olunmuş “Yaşıl təhsil”adlı elmi-praktik konfransı , həmçinin Kimya və biologiya fakültəsində Tələbə Elmi Cəmiyyətinin “Yaşıl dünya naminə həmrəyliyə qoşulaq,dünyamızı qoruyaq” adlı elmi konfransı,“Yaşıl düşüncəli həyat” mövzusunda Elmi seninar keçirilmiş və yeni tədris ilində də bununla bağlı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.

-Ekologiya sahəsində bugünkü maarifləndirmə işində nə çatışmır?

-10 dekabar 2002-ci il tarixində mərhum dövlət başçısı Heydər Əliyevin bu sahəyə xüsusi diqqət yetirilməsi üçün ekologiya barəsində təhsil üzrə ilk dəfə olaraq “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” imzalanmışdır.
Bu gün Ulu Öndərin siyasəti uğurla davam etdirilir. Ölkədə ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün Prezident tərəfindən “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” təsdiq olunub. 2010-cu il “Ekologiya İli” elan olunub, alternativ enerji ilə bağlı qərarlar qəbul olunub, ayrıca qurumlar yaradılıb. İlham Əliyevin hakimiyyəti dövründə iki dəfə Azərbaycanın “Qırmızı kitab”ı nəşr olunub. Eyni zamanda bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanın dünyada qazandığı güclü mövqedən, müsbət imicdən və göstərilmiş böyük etimad və hörmətdən xəbər verir.
Doğrusu, cəmiyyətimizin təbiəti, planeti və iqlimi sevmək, qorumaq və xilas etmək istiqamətindəki çağırışları ilə mövcud ekoloji ritorika öz faydasını verməkdədir. Ölkəmizdə təbiəti sevən bir nəsil böyüyür. Bununla belə, ekoloji problemlər azalmır. Üstəlik, onlar indi nəinki bizi əhatə edir, həm də içimizdə yaşayırlar. Biz onları nəfəs alırıq, qoxulayırıq və onlara toxunuruq.
Hesab edirəm ki, hər hansı maarifləndirici fəaliyyət hərtərəfli olmalıdır. Axı təhsilə informasiya (ilk növbədə öyrənilən obyekt haqqında məlumat almaq lazımdır), maarifləndirmə, tərbiyə, təlim və inkişaf daxildir. Və bütün bunların arxasında, əlbəttə ki, nəzarət dayanır. Bu kompleksdən yalnız bir komponenti – maarifləndirməni qoparmaq düzgün deyil…