Ölkədən pul çıxaran “K Group”un sabah məhkəməsidir

Ölkədən pul çıxaran “K Group”un sabah məhkəməsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan paytaxtın ictimai nəqliyyatında istifadə olunan “Bakı Kart”ın operatoru “K Group” MMC ilə bağlı sabah işə baxılacaq.

Tribunainfo.az xəbər verir ki, “K Group” MMC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“K Group” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 15 yanvar tarixində hakim Mirsadiq Seyidovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, İXM-nin 430.4-cü maddəsinə əsasən, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. İki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir.
Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb.

Qeyd edək ki, “K Group” 2014-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 23 milyon manatdır. Şirkətə rəhbərliyi Məmməd Allahverdiyev edir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən İbrahim