Paytaxt mağazlarında və bazarlarda yumurta qıtlığı müşahidə olunur. Son günlər satıcılar da yumurta qıtlığının yaşandığını bildirirlər.
Tribunainfo.az yazır ki, paytaxtda fəaliyyət göstərən mağazalarda həm kənd, həm də adi yumurta tapmaq çətinləşib. Satıcılar da etiraf edir ki, son günlər satış üçün gətirilən yumurta sayı nəzərə çarpacaq dərəcədə azalıb.
Yumurta qıtlığı səbəbsiz deyil. Məlumata görə, yumurta fabrikləri yumurtanı kütləvi formada Rusiyaya satır. Bu da yerli bazarda yumurta qıtlığına səbəb olub.
Satıcılar bildirir ki, bu şəkildə davam edərsə yaxın günlərdə yumurtanın qiymətində artım müşahidə olunacaq. Artıq bəzi mağaza və bazarlarda yumurtanın qiyməti cüzi də olsa artıb. Yumurta qıtlığının və paralel olaraq qiymət artımının ilin sonuna qədər davam edəcəyi təxmin edilir.
Satıcılar bildirir ki, bir yumurta qutusunda 360 ədəd yumurta olur ki, bunun da qiyməti 53-54 manatdır. İndi isə qiyməti 58-59 manata qaldırıblar. Bir qutunun qiyməti təxminən 5 manat qalxıb. Bu isə olduqca yüksək hesab edilir. Fabriklər isə bunu Bakıda satmaqdansa Rusiyaya göndərməyi daha sərfəli hesab etdikləri üçün bu addımı atırlar. Məlumata görə, bir tır yumurtadan təxminən 12-13 min manat qazanc əldə etmək mümkündür. Rusiyaya ən çox yumurta göndərən fabriklər isə “Giləzi quşçuluq” və “Hacıqabul quşçuluq” fabrikləridir.
Ancaq məlumata görə, artıq problemin qarşısını almaq məqsədilə dövlət hərəkətə keçib. Bu ixracın qarşısı almaq məqsədilə tədbirlər görülür.