Ölkə turizmi məhv edilir… 5 ildə neçə milyon turist itirdik? – İqtisadçı

Ölkə turizmi məhv edilir… 5 ildə neçə milyon turist itirdik? – İqtisadçı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu il ilə müqaisədə, 2024-cü ildə ölkəyə məhz turizm məqsədi ilə gələn əcnəbilərin sayı 1 mln. 8 min 418 nəfər azalıb. Tək elə bu rəsmi statistika sübut edir ki, quru sərhədlərin bağlı olması turizm sektoruna böyük zərbə vurur.

Tribunainfo.az xəbər verir ki, bu sözləri REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli bildirib. O qeyd edib ki, Azərbaycana 2019-cu ildə, yəni, quru sərhədlərin açıq olduğu ildə turizm məqsədi ilə 2 863 531 əcnəbi səfər edib:

“2024-cü ildə bu rəqəm 1 855 113 nəfər olub – özü də, 2024-cü il quru sərhədlərin bağlı olduğu dövrdə ən yaxşı göstərici idi.

Dünən Bakıda Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayıb. Prezident Əliyevin forum iştirakçılarına müraciətində turizm sahəsinin önəmli olduğu xüsusi vurğulanıb. Forumda çıxış edən bütün nazirlər və məmurlar turizm sektorurur prioritet olduğundan danışıblar.

Problem də budur ki, quru sərhədlərini bağlı saxlayıb turizmi prioritet elan etmək məntiqə uyğun deyil, bunun dünyada örnəyi, analoqu yoxdur.
Elə bilin ki, siz, məsələn, alma istehsalını artırmaq istəyirsiniz, amma alma ağaclarını kəsib, odun kimi istifadə edirsiniz – bax indi mənzərə eynidir. Turizmin inkişafından danışıb, heç bir səbəb olmadan quru sərhədləri bağlı saxlamaq, yumuşaq desəm, anlaşılan deyil. Bu qərarı “pandemiya” ilə rəsmi əsaslandırmaq isə, insanların ağılı-məntiqi ilə oynamaqdır”.

Gülşən Rəsul