backend

Oleq Kuznetsova, yoxsa Azərbaycana dəstək olaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı soyqırımı ilə bağlı petisiyaya niyə biganəyik? Politoloq: “Media və müvafiq orqanlar bütün gücünü ortaya qoymalıdır” 

Xocalı soyqırımı ilə bağlı petisiyaya niyə biganəyik? Politoloq: “Media və müvafiq orqanlar bütün gücünü ortaya qoymalıdır”


Rusiyalı alim, tarixçi Oleq Kuznetsov Xocalı soyqırımının tanınması üçün 2017-ci il martın əvvəlindən petisiyaya başlayıb. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb.


Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiya Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir.
Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www. change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.


Rusiya Dövlət Dumasında sözügedən soyqırıma baxılması üçün bu petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır. Lakin hələ ki, petisiyaya 16 min 500 nəfərə yaxın adam qoşulub. Bu isə qeyd olunan limitin qarşısında təbii ki, çox aşağı göstəricidir.


Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan politoloq Mübariz Əhmədoğlu bildirdi ki, belə bir vəziyyətdə medianın da üzərinə böyük məsuliyyət düşür: “Bütün mətbuat, sosial şəbəkələr bu işə yönəlməlidir. Çox təəssüf ki, bizim hətta aparıcı mətbuatın Qarabağ məsələsinə diqqətinin azaldığı müşahidə olunur. Ona görə də əhalidə də Qarabağ məsələsinə maraq aşağı düşüb. Həmçinin son zamanlar Qarabağ, Ermənistan-Azərbaycan münasibətləri mövzusunda verilən qərəzli, savadsız şərhlərin də sayı hədsiz dərəcədə çoxalıb. Bütün bunlardan başqa Rusiya ilə də bağlı mətbuatımızda bəzən həqiqətə uyğun olmayan məlumatlar yayılır. Belə ki, Rusiya bir çox hallarda Ermənistanın müttəfiqi kimi göstərilir. Lakin indiki Rusiya heç də Ermənistanın müttəfiqi deyil. Rusiyada artıq anlayırlar ki, Azərbaycan öz gücünə idarə olunan, müstəqil siyasəti olan dövlətdir”. 

Politoloq bildirdi ki, təbliğat məsələsində fəaliyyətimizi aktivləşdirməliyik: “Olub ki, ilk başlayanda hansısa petisiyanın imzalanması zəif gedib, sonradan isə ona rəğbət qazandıra bilmişik. Hesab edirəm ki, indiki halda Rusiyadakı Azərbaycan diasporu da aktivləşməlidir. Onlar da öz metodlarını işə salmalıdırlar. Bütün müvafiq qurumlar bu işdə lazım olan addımları atmalıdırlar. Hətta rus dilini bilməyən azərbaycanlılar da düşünülməli və onların da prosesə qatılma yolları müəyyənləşdirilməlidir. Yəni adamlara konkret izah etmək lazımdır ki, filan sayta daxil ol, bu cür əməliyyatı keçir və sairə. Hər kəs bilməlidir ki, bu, dövlətin işidir. Ona görə də dövlətin mətbu orqanları bu məsələ ilə bağlı çağırışlar etməli, məlumatlar verməlidirlər.

Bu gün Azərbaycan dövlətinin apardığı siyasət, hətta Dugin, Dubnov kimi adamların beynində dəyişiklik edib. Vadim Dubnovun həyat yoldaşının erməni olmasına baxmayaraq, Ermənistanın Rusiya ilə münasibətlərinə dair Azərbaycanın xeyrinə olan kəskin ifadələr işlədir. Eləcə də Dugini qeyd edə bilərik ki, gəldi Azərbaycanı gəzdi vəziyyətlə tanış oldu. Ədalət naminə onu da demək lazımdır ki, bu politoloqların içərisində ən öndə gedəni Oleq Kuznetsovdur. Hesab edirəm ki, rusiyalı politoloqların Azərbaycana qarşı münasibətlərinin dəyişməsində Oleq Kuznetsovun bu cür mövqedə olması çox vacib rol oynayıb. Düşünürəm ki, onun hal-hazırda Azərbaycan-Ermənistan münasibətləri istiqamətində gördüyü iş, bütövlükdə Qafqaz regionunda vəziyyətin sağlamlaşmasına və sabitləşməsinə xidmət edir”.