Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivinin (“Oleq Bakinski”) məhkəməsi başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilir.
“Oleq Bakinski” həmvətəni Kuçer Konstantin Antonoviçlə birgə mühakimə edilir.
Onlar ikisi də istintaq təcridxanasından məhkəmə zalına gətiriliblər.
“Oleq Bakinski” məhkəmə prosesi zamanı tərcüməçi istəməyib: “Mənə tərcüməçi lazım deyil. Bakılıyam. Yazmağı, oxumağı da bilirəm”.
İclasda anket məlumatları dəqiqləşdiriləcək, ilkin dinləmələr keçiriləcək.
Qeyd edək ki, ukraynalı müttəhimlər bu ilin avqustunda Bakıda həbs ediliblər. “Oleq Bakinski” 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə), Kuçer Konstantin Antonoviç isə eyni Məcəllənin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) və 221.3-cü (221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham edilir.