Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Orelia Buşez ilə də görüşüb.
Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri xanım Orelia Buşez ilə də görüşüb.
TİA.AZ xəbər verir ki, sədr qonağa yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb, Fransa ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə daha yüksək səviyyəyə qaldırılması üçün əlindən gələni əsirgəməyəcəyinə inamını bildirib. O, səfirə bu şərəfli və məsuliyyətli işində uğurlar diləyib.
Qeyd edilib ki, münasibətlərimizin dərinləşməsində dövlət başçılarının görüşləri və aparılan danışıqlar mühüm rol oynayıb. Bu günədək ölkələrimiz arasında 50-yə yaxın hüquqi sənəd imzalanıb.
Bakıda Fransız Liseyinin fəaliyyət göstərməsi və ötən il Azərbaycan-Fransız Universitetinə dair niyyət sənədinin imzalanması xalqlarımızın ümumi məqsədlərinə xidmət edir. Bu gün Azərbaycanda 40-a yaxın fransız şirkəti səmərəli fəaliyyət göstərir. Azərbaycan-Fransa İqtisadi Komissiyası iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Sədr münasibətlərimizin inkişafında parlamentlərin rolunu vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, Azərbaycan Milli Məclisi Fransa parlamenti ilə əlaqələrin dərinləşməsinə böyük önəm verir. Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupuna ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etməsi buna parlaq misaldır.
Bu gün hər iki ölkənin deputatları nüfuzlu beynəlxalq qurumlarda səmərəli əməkdaşlıq edir, tez-tez görüşür, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparırlar.
Spiker ümidvar olduğunu bildirib ki, səfir ölkələrimiz arasında əldə olunmuş nailiyyətlərin daha da dərinləşməsinə öz diplomatik fəaliyyəti dövründə yeni töhfələr verəcək.
Orelia Buşez Azərbaycanda fəaliyyətə başlamasından məmnun olduğunu söyləyib, bir diplomat kimi Fransa-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib. Qeyd edilib ki, Fransa Qafqazın bu bölgəsi ilə münasibətlərin inkişafına böyük maraq göstərir və Azərbaycanı özünə dost ölkə hesab edir. Təkcə siyasi deyil, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizi genişləndirmək üçün böyük imkanlar var. Bu niyyətlərin baş tutması xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.