Keçmiş müdafiə naziri Seyran Ohanyana məxsus olan şirkətlər yoxlanılır.
Keçmiş müdafiə naziri Seyran Ohanyana məxsus olan şirkətlər yoxlanılır.
TİA.AZ xəbər verir ki, Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Vigen Sərkisyan 2016-cı il üçün Müdafiə Nazirliyinin büdcə xərclərinin, eləcə də şirkətlərlə bağlanan müqavilələr və onların yerinə yetirilmə mərhələlərinin yoxlanılması barədə tapşırıq verib.
Ermənistan KİV-də yayılan xəbərə görə, buna səbəb Ermənistan Müdafiə Nazirliyinin ehtiyaclarını qarşılamaq üçün elan edilən tenderlərin keçmiş müdafiə naziri Seyran Ohanyan və yaxın ətrafına məxsus şirkətlər tərəfindən saxta üsullarla udulması barədə kifayət qədər dəlillərin mövcud olmasıdır.
Bu günə qədər komissiya tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, Ohanyana məxsus olan İrəvan şəhəri, Tumanyan küçəsi, ev 21 ünvanında qeydiyyatda olan Hesperus QSC Ermənistan ordusunu geyimlə təmin etmək üçün ümumi olaraq 76728417 dram (244710 manat) məbləğində pul vəsaitini mənimsəyərək öhdəliyi yerinə yetirməyib.
Həmçinin Ohanayana məxsus olan Xankəndi şəhəri, Xarkov küçəsi, ev 4 ünvanında (“DQR” prezidenti Bako Saakyanın evinin yanında – Xarkov küçəsi, ev 3) qeydiyyatda olan “Eko Plastik” şirkəti Ermənistan Müdafiə nazirliyinin ehtiyacları üçün 19600000 dram (71577 manat) dəyərində “plastik boru” tədarük etməli olduğu halda, həmin məbləğ mənimsənilərək öhdəlik yerinə yetirməyib.
Ermənistan KİV-lərində yoxlamaların davam edəcəyi və keçmiş müdafiə nazirinin yaxın günlərdə istintaqa cəlb olunacağı barədə məlumatlar yayılıb.