“Mən heç kimin qızılını oğurlamamışam.”
“Mən heç kimin qızılını oğurlamamışam.”
Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, Musiqili Teatrın aktyoru Ramiz Məmmədov deyib. Aktyorun sözlərinə görə, toy mərasimi ötən ilin dekabr ayında Bakıdakı restoranların birində keçirilib:
“Bizim gözəl rejissorumuz Məhərrəm Bədirzadənin nəvəsinin toyunda olmuşam. Özüm də toya gec getmişdim. Qardirobun yayında az qaldı yıxılam. Əyilib ayağımın altına baxanda balaca bir daş qalıb, elə bildim düymədir, götürdüm. Toydan çıxıb evə getdim. Səhər tezdən zəng gəldi ki, “ay Ramiz toyda bir qadının sırğası itib, sən bir şey tapmamısan ki?” Dedim ki, tapmışam, elə həmin günü aparıb daşı Məhərrəmə verdim, onunla da məsələ bağlandı”.
Bundan bir gün sonra qızılı itən Bakı sakini Südabə Zalova mənə zəng edib və toy günü tapdığım daşın onunku olmadığını deyib:
“Dedim ki, məndən nə istəyirsən? Şübhələnirsənsə, hüquq-mühafizə orqanlarına müraciət edin. Hətta ona kimi dedim ki, gətir sırğanı aparaq zərgərə, sənin üçün onun eynisini düzəltdirim, təki sən rahat olasan. Razılaşmadı. Sonradan nə qədər zəng etdisə, telefonu götürmədim. Çünki görürdüm ki, qadın məni şərləməyə başlayır. 20 gündən sonra məni Nizami rayon polis şöbəsinə cağırdılar. Getdim. Bildirdim ki, mən kiminsə əşyasını oğurlamamışam. Əgər həqiqətən kiminsə əşyasını götürmüşəmsə, onu verməyə hazıram. Qadın bilməyə-bilməyə mənə şər atır. Ayıb deyil, bu boyda şər olar? O halda mən ittiham olunaram ki, sırğanı götürməyim sübut olunsun. Əgər belə bir sübut varsa, qoysunlar ortaya”.
***
Xalq artistini oğurluqda ittiham edirlər. Bakı sakini şadlıq evində itirdiyi sırğasını məhz xalq artisti Ramiz Məmmədovun tapıb qaytarmadığını deyir. Ramiz Məmmədov isə, əlbəttə ki, bu ittihamı rədd edir. Paltarını qarderoba verdikdən sonra yerə baxır. Yerdəki əşya diqqətini çəkir və əyilib onu götürür. Götürdüyü əşyanı bir az kənarda daha yaxından incələdikdən sonra isə heç nə olmamış kimi cibinə qoyub, zala daxil olur.
Görüntülər paytaxtdakı restoranlardan birinin kamerasına düşüb.
Bakı sakini Südabə Zalova şadlıq evinə toya gedərkən foyedə üst geyimini çıxardan zaman sırğasını itirib. Daha sonra onu tapmaq üçün restoran rəhbərliyinə müraciət edib və müşahidə kameralarınn görüntülərinə baxıb. Aydın olub ki, bir nəfər sırğanı tapıb. Südabə Zalova həmin şəxsin xalq artısti Ramiz Məmmədov olduğunu iddia edir.
Südabə Zalovanın sözlərinə görə, bununla əlaqədar xalq artisti ilə nə qədər danışmaq istəsə də, bu cəhdləri nəticə verməyib.
Məsələ ilə bağlı xalq artisti ilə telefon əlaqəsi saxladıq. Ramiz Məmmədov deyir ki, onun tapdığı başqa bir əşya olub və onu da toy sahibinə təhvil verib. Qadının sırğasından isə xəbəri yoxdur.
Tapılan əşyanın doğrudan da itən sırğa olub-olmadığını ayırd etmək çətindir. Amma bildiyimiz bir şey var ki, qadının 6 qramlıq qızılı ortalıqda yoxdur. Kamera görüntülərində isə sadəcə görünən Ramiz Məmmədovun yerə əyilərək nəsə götürməsidir.
(xezerxeber)