Oğlu Çeçenistanda zorla müharibəyə aparılan ata DANIŞDI: “Onları döyərək imza atdırıblar”

Oğlu Çeçenistanda zorla müharibəyə aparılan ata DANIŞDI: “Onları döyərək imza atdırıblar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“21 yaşlı oğlum Nihad Rzayev, qayınlarım Elxan Şirinov və Vüqar Məhərrəmov may ayından işləmək üçün Çeçenistana getmişdilər. Onlar miqrasiya qaydalarını pozduqlarına görə 20 gündür ki, həmin ölkədə saxlanılırlar”.

Bunu Nihadın atası, Tovuz rayon sakini Tafdıq Rzayev Musavat.com-a deyib.

O bildirib ki, orada oğlunu və qayınlarını məcburi şəkildə Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər:

“Bir aya yaxındır ki, üçü də Qroznıda saxlanılırlar. Qayınlarım “Severni Axmat” hərbi hissəsindədirlər. Onlarla əlaqə yarada bilirəm. Oğlum Nihad isə təcridxanadadır. O, ilk dəfə idi ki, Çeçenistana gedirdi. Qayınlarımı döyərək müharibəyə getmək üçün imza atdırıblar”.

Tovuz sakini deyib ki, məsələ ilə bağlı XİN və Nazirlər Kabinetinə rəsmi şəkildə müraciət edib:

“Onlar bu işlərlə məşğuldurlar. Hər üç vətəndaşımızın ölkəyə qaytarılmasını istəyirəm”.

Qeyd edək ki, Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.

Bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.