“Bu günlərdə istifadəyə verilən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda sürət həddi işarələrinin və radarların quraşdırılmaması müzakirələrə səbəb olub. Bəzi sürücülər hesab edir ki, bu yolda sürət göstəricisi olmadığı üçün limit də yoxdur. Bu səbəbdən də sözügedən yolda sürücülərin istədikləri sürətlə hərəkət etməsi mümkündür”.
Bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Bakupost.az -a açıqlamasında deyib.
Onun sözlərinə görə, “Yol hərəkəti haqqında” Konvensiyanın 13-cü maddəsinin müvafiq hissəsində deyilir ki, Konvensiyaya qoşulan bütün dövlətlər öz ərazilərindəki yollarda maksimum sürəti məhdudlaşdırılmalıdır:
“1998-ci ildə qəbul olunan “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsində bildirilir ki, ölkəmizdə ən yüksək sürət minik avtomobilləri üçün 110 km/saat müəyyən edilib. Həmçinin böyük yük avtomobilləri və avtobuslar üçün maksimum sürət həddi 90 km/saatdır. Buna görə də yeni istifadəyə verilən Bakı-Quba yolunda “sürət limiti yoxdur” şayiəsinə heç kim inanmamalıdır. Həmin yolda 5.1 nişanı var”.
Ekspert qeyd edib ki, sürət göstərən tablo olmasa belə, qeyd olunan nişan maksimum 110 km/saat sürətlə hərəkətə icazə verir:
“Bu yol B kateqoriyalıdır. Odur ki, sürücülər həmin yolda təhlükəsiz hərəkət üçün daha diqqətli olmalıdırlar. Həmin yolda 6.14 servis nişanı var. Bu isə o deməkdir ki, servis nişanlarının yanında sürət həddini ölçmək olar. Odur ki, “limit yoxdur” deyənlər yol polisinin radarla sürət ölçdüyünü görə bilərlər”.