“O qıza çirklənmiş, murdarlanmış biri kimi baxırlar” – Mehriban Zeynalova

“O qıza çirklənmiş, murdarlanmış biri kimi baxırlar” – Mehriban Zeynalova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Düşünürdüm ki, zorla qız qaçırmaq adəti aradan qalxıb. Amma Bərdədə baş verən bu hadisə göstərir ki, köhnə adətlərimiz həyatımızdan çıxmır. Hələ də bəziləri cürət edib qızların istək və arzularının, iradəsinin əleyhinə olaraq onları qaçırmağı normal hesab edir”.
Bunu Bakupost.az -a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
 
O, bildirib ki, tərəflər ailə qurarkən qarşılıqlı razılıq olmalıdır:
“Burda vacib nüansların biri də zorla qaçırılan qızlara münasibətlə bağlıdır. Çoxları düşünür ki, artıq o qız məhv oldu, heç kimə lazım olmayacaq. Bu stereotiplər belə problemlərlə mübarizə aparmağa maneçilik törədir. Mühit də, həmin ərazidə yaşayanlar da həmin qıza lazımsız, çirklənmiş, murdarlanmış bir adam kimi baxırlar və gələcəkdə onun həyatıyla bağlı çətinliklər yaranır. Köhnədən qalma adət və düşüncələr mütləq şəkildə aradan qaldırılmalıdır”.
M.Zeynalova bunun üçün qız qaçıranların ciddi cəzalandırılmalı olduğunu bildirib:
“Qız qaçırmaq şəxsin azadlığının məhdudlaşdırılması, onun aşağılanmasıdır. Ona görə də bu əməli törədən şəxs cəzalandırılmalıdır. Düşünürəm ki, 23 yaşlı qız kifayət qədər yetkindir. Bu tələbləri qoya və qarşı tərəfin cinayət məsələsinə cəlb edilməsinə nail ola bilər”.
Qeyd edək ki, Bərdədə 23 yaşlı qız 45 yaşlı kişi tərəfindən zorla qaçırılıb. Valideynləri bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət ediblər. Polis qızı taparaq ailəsinə təhvil verib.