Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Musavat.com-a müsahibə verib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Musavat.com-a müsahibə verib.
TİA.AZ xəbər verir ki, komitə sədri rusiyalı politoloq Oleq Kuznetsovun Bakıda olması və onunla mühüm məsələlər ətrafında müzakirələr aparması ilə söhbətə başlayıb:
– Oleq Kuznetsov Xocalı soyqırımının tanınması ilə bağlı qərar layihəsini Rusiya Dövlət Dumasına təqdim etmək üçün petisiya hazırlayıb. Onunla danışmışdıq ki, görək necə edək, lazım olan səslər yığılsın.
– Bunun üçün nə qədər səs tələb olunur?
– 200 min səs tələb olunur. İki ay ərzində cəmi 16 min 400 səs yığılıb. Petisiyanın da müddəti 6 aydır, artıq iki ayı gedib.
– Oleq Kuznetsovu Bakıya siz dəvət etmisiniz, yoxsa öz təşəbbüsü ilə gəlib?
– Biz dəvət etmişik. 5-6 mayda keçiriləcək konfransa dəvətlidir. Biz də istədik ki, bir-iki gün tez gəlsin. YAP-da da bir tədbir keçirdik, orda iştirak etdi.
– Səsvermədə aktiv iştirak etməkdən ötrü Rusiyadakı Azərbaycan diasporuna müraciətiniz nəzərdə tutulubmu?
– Keçirdiyimiz tədbirdə diaspordan da, Prezident Administrasiyasından da, Təhsil Nazirliyindən də nümayəndə var idi, rektorlar da iştirak edirdi. İndi görək bu qurumlar hərəsi nə edir! Hər halda, bütün kanallardan istifadə etmək lazımdır.
– Demək, petisiyada 200 min səs yığılsa, Rusiya Dövlət Duması Xocalı soyqırımının tanınması məsələsini müzakirəyə çıxara bilər?
– Bəli, o zaman məsələyə baxılmalıdır.
– Arif müəllim, bugünlərdə şayiələr yayılıb ki, Turan İbrahimovun təqdim etdiyi “ATV Səhər” verilişi sizinlə bağlı tənqidi fikirlərinə görə qapadılıb. Deyilənlər doğrudurmu?
– (Gülür) Verilişi o videosujetə görə bağlasaydılar, elə onun ağzından bir şapalaq vurardılar ki, səsini kəssin. O, 10 gün danışdı orda. Ola bilsin onun da bir təsiri olub. O mənada ki, bu ağzına gələni danışırdı. Bəlkə təsiri olub, bir-bir yığılıb, o həddə çatanda bunu başa salıblar.
– Sizin telekanal rəhbərliyinə, yaxud MTRŞ-yə şikayətiniz olmuşdu?
– Yox, yox. Mənim şikayətim olmamışdı. Siz də əvvəlki müsahibədə mənə təklif etmişdiniz ki, biz görüşək. O kimdir axı, mən onunla görüşəm, onun haqqında danışam?
– 3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı günüdür. Ümumiyyətlə, sizin hansısa bir verilişin bağlanması, yaxud bir jurnalistin susdurulmasına münasibətiniz necədir?
– (Pauzadan sonra) Vallah, jurnalist gərək səviyyəli bir adam olsun da… İndi hər adamı jurnalist eləmək olmaz axı. Çıxır orda danışır. Nə bunun xarici görünüşünə, nə davranışına, nə savadına görə… Hesab edirəm ki, ona layiq adam idi.
– Jurnalist özü sizə müraciət edib polemika aparmaq istədimi?
– Yox, nə müraciət? O hesab edir ki, hər şeyi düz deyir.
– Arif müəllim, bu arada Azərbaycan jurnalistlərini təhqir edən rus diplomatı Mariya Zaxarova barədə də soruşmaq istəyirəm. Siz onun dediklərinə hansısa formada etiraz etdinizmi, yaxud Rusiyadakı dairələrə sözünüzü dediniz?
– Sözün doğrusu, mənim Zaxarovanın təhqir etməsindən heç xəbərim də yoxdur. O məsələ ilə Əli müəllim (Hüseynli – red.) məşğul olur. Bu dəqiqə Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupuna o rəhbərlik edir. Mən yalnız Parlament Assambleyasında fəaliyyət göstərirəm, orada komissiya sədriyəm. Ümumiyyətlə, sözün doğrusu, mən bu məsələlərə çox müdaxilə etmirəm. Heç bu məsələdən xəbərim də yoxdur. İndi bu barədə sizdən eşidirəm.
– Bu arada Rusiya hakimiyyətinə yaxın ekspert Aleksandr Duqinin Bakıya gəlişi, açıqlamalar verməsi də diqqət çəkir. Bu gəlişləri necə qiymətləndirirsiniz?
– Bilirsiniz necədir?! On söz deyilirsə, onun üçü bizim xeyrimizədirsə, biz onu deyənləri müdafiə etməli və həmin məsələləri önə çəkməliyik. Bizim Duqin, ya başqasından azərbaycanlı kimi fikirləşmələrini, Azərbaycanın mövqeyini bütün məsələlərdə müdafiə etməyi tələb etməyimiz doğru deyil.
– Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşü Azərbaycana nə vəd edir?
– Türkiyə ilə Rusiyanın yaxınlaşması, əlbəttə, həmişə bizə müsbət təsir göstərir və göstərməlidir. Bütün məsələlərdə…
– 3 may həm də Türkçülük günüdür. Sizi təbrik etmək olarmı?
– Əlbəttə, təbrik etmək olar. Mən etnik türkəm. Ancaq xalq kimi azərbaycanlıyam..