“Ceyms O’Brayen Bakıya aranı düzəltməyə gəlir. Onun Konqresdəki çıxışı rəsmi Vaşinqtonun mövqeyi idi və indi səhvini anlamaqdadır. Konqres üzvü danışanda, bunu başa düşmək olar, amma bu dəfə Dövlət Departamenti adından çıxış olunmuşdu. Ona görə sabahkı səfər Bakı-Vaşinqton əlaqələrini yaxşılaşdırmaq məqsədi daşıyır”. Tribunainfo.az-a danışan siyasi analitiklərin qənaəti belədir. Təhlilçilər hesab edirlər ki, dövlət katibi Blinkenin müavini Azərbaycana yaranmış kövrək və gərgin münasibətləri yoluna qoymaq üçün göndərilib. Ekspertlər istisna etmirlər ki, O’Brayen səfər çərçivəsində danışıqların ABŞ masasında davam etməsi üçün təşəbbüslə çıxış edəcək. Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn dekabrın 6-dan 8-dək Azərbaycanda səfərdə olacaq. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Sənəddən belə çıxır ki, O`Brayn Bakıda Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədi ilə Azərbaycan rəsmiləri ilə görüşəcək.