Rusiya orta və qısamənzilli raketlərin yerləşdirilməsinə qoyulan məhdudiyyətlərə dair birtərəfli moratoriumdan imtina edir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Nazirlik qərarı “kollektiv Qərb”in Rusiyaya bitişik regionlarda raket potensialını artırması ilə izah edib.
Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya rəhbərliyi gələcəkdə ABŞ və digər Qərb ölkələrinin raketlərinin yerləşdirilməsinin təhlili əsasında addımlar atacaq.
Qeyd edək ki, bu silah növü 1987-ci ildə imzalanmış müqavilə ilə 2019-cu ilə qədər məhdudlaşdırılıb. Daha sonra ABŞ Rusiyanın “İskəndər” sistemləri üçün nəzərdə tutulan raketlərdən birinin onun şərtlərini pozduğunu bildirərək müqavilədən çıxdığını bəyan edib.
Moskva NATO-nun yerləşdirmədiyi bölgələrdə öz raketlərini yerləşdirməyəcəyini bildirib. 2019-cu ildə Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini moratoriuma qoşulmağa dəvət edib.
Kreml daha əvvəl müqavilə ilə qadağan edilmiş yeni raketlər hazırladığını açıqlamışdı. Rusiya bununla Almaniyada ABŞ raketlərinin yerləşdirilməsinə hazırlıqlara cavab verdiyini bildirmişdi. Berlin də öz növbəsində raketləri Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqələndirmişdi.
Orta və qısamənzilli raketlər 500-5500 kilometr məsafə qət edə və nüvə başlıqları daşıya bilən ballistik və qanadlı raketlərdir. Hesab edilir ki, bu cür raketlərin hədəflərinə yaxınlığı və qısa uçuş müddəti hücuma məruz qalan tərəfin düşmənin nüvə zərbəsinə cavab verməsinin qarşısını ala bilər.