Tanınmış müğənni Nura Suri “166 Yükdaşıma və Logistika” şirkətindən narazılığını bildirib. O, şəxsi “Facebook” hesabında paylaşım edərək mebel daşıma xidməti zamanı qarşılaşdığı məsuliyyətsizliyə görə şirkəti sərt tənqid edib.
Nura Suri yazıb ki, 166 şirkətindən mebeli söküb daşımaq üçün həm usta, həm də maşın sifariş edib. Lakin göndərilən usta heç bir hazırlıqla gəlməyib və mebeli sökməkdən imtina edib:
“Usta gəlib əlində bir dənə ‘otvyorka’ ilə mebelə baxıb dedi ki, mən bunu sökə bilmərəm, çox yekədir. Deməli, şkafın ölçüsü əvvəldən operatora bildirilib. Göndərdikləri adam da usta deyildi, çox güman ki”, – deyə müğənni qeyd edib.
Hadisə nəticəsində Nura Suri tanış ustasını çağırmaq məcburiyyətində qalıb və mebel onun köməyi ilə sökülüb. O, şirkətin məsuliyyətsizliyindən narazılığını belə ifadə edib:
“166 şirkətinin operatorları bir-bir zəng etdilər, məsələyə həll tapa bilmədilər. Menecerləri də zəng etdi ki, bəs bizdə günah yoxdur, təkcə daşınmaya filan qədər ödəyin (üzü astarından baha başa gəldi).”
Şikayətinə görə müğənninin işləri də ləngiyib, çünki yeni mebel gətirən şirkət gözləməli olub. Nura Suri bildirib ki, buna baxmayaraq, 166 şirkəti məsuliyyəti üzərinə götürməyib:
“Bizim işimiz uzandı, artıq xərcimiz çıxdı. 166 Yükdaşıma və Logistika şirkəti isə sona qədər heç bir məsuliyyəti dərk etmədi.”
Sonda sənətçi cəmiyyətə və xidmət sahəsində çalışanlara çağırış edib:
“Nə olar ki, hamı öz işinə ciddi yanaşsa, müştəriyə hörmət və anlayış göstərsə?”
O, paylaşımında işə peşəkar və məsuliyyətli yanaşmanın vacibliyini vurğulayıb və uzun illərdir qarşılaşdığı oxşar hallardan bezdiyini də əlavə edib.
Gülşən Rəsul