Novruz dini bayramdır, yoxsa milli?backend

Novruz dini bayramdır, yoxsa milli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kubra Məhərrəmova yazır…

O gün verilişə qonaq getmişdim. Uşaqlar-böyüklərlə birgə oyun oynayırlar. Sual-cavab, tapmaca filan kimi yarışlar var idi. Oyunun maraqlı mərhələlərindən biri də böyüklərin uşaq kimi düşünməsi, sualları cavablaması idi.

Sanki bir müddətlik uşaq olmağa cəhd edirsən. Onların gördüyü kimi görürsən dünyanı. Əslində çox gözəl çağırışdır. Çünki böyük adam uşaq olmağa cəhd edirsə, deməli uşağın nəyi, necə düşündüyünü də az da olsa dərk edir. Nəysə ki, veriliş boyu bu məndə alınmadı, necə böyük idimsə, elə də qaldım.

Amma uşaqların verdiyi suallar, cavablar məni xeyli düşündürdü. Həqiqətən də indikilər bir başqa aləmdir. Necə deyərlər, Allah hamınınkını saxlasın, bizimkilər də içərisində.

Veriliş başlamamışdan əvvəl redaktor biz böyüklərdən bir uşaqlıq xatirəsini danışmağı tələb etdi.

Digər iştirakçılar danışdıqca düşündüm ki, paho, mənim danışmağa heç bir xatirəm yoxdur, dəhşət. Bu qədər yaşa, amma xatirən olmasın.

Yəni ki, ay dərsdən qaçdıq, girdik qonşunun bağına, ərik-alma oğurlayıb qaçdıq futbola, oradan da getdik başqa məhəlləyə, ay əynimizdə paltarımız cırıldı, getdik qonşudan paltar aldıq, evə gələndə də anamız bizi nöyüt (neft – red.)  iyi verənə kimi döydü – filan kimi hadisələr yaşamamşıq.

Bildiyin sıfır xatirə, məktəb-ev-məktəb. Əlaçı şagird, davamı da iki “qırmızı” diplom. Vəssalam.

Bir də 1990-cı ilin 20 yanvarında Bakıda şütüyən Rusiya ordusunun tankları. O vaxt Respublika Prokurorluğunun yanında qalırdıq. Gördüyümüz həmin faciədə həyatını itirən insanların meyitlərinin “Təzə Pir” məscidinə aparılması, sonra “Şəhidlər xiyabanında” dəfnləri, məhəlləmizin eyvanlarından asılan qara bayraqlar… Qapqara boşluq…

Bunları da uşaq verilişində necə danışasan? Elə bunu düşünürdüm ki, mənim uşaqlığımda heç belə bayram-seyran da olmurdu. Üst-üstə bəlkə bir, ya iki dəfə tonqaldan tullanmışıq. Papaq isə heç vaxt atmamışam. Amma bizə atıblar. Anam da süfrədə olandan pay qoyub. Atam da arada papaqlara pul qoyardı.

Nə yaxşı ki, dünən yenə qapımıza papaq atdılar. Özü də bunun sxemi var axı. Əgər birinci papağın içi yaxşı çıxırsa, ardınca elə həmin qapıya üç-dörd dəfə papaq atırlar.

Nə yaxşı ki, təkrarən qapımızı döyüb, papağı qoyub qaçdılar. Demək ki, uşaqlar bəyəniblər. Allah verəndən biz də pay qoyduq, ruzimizi paylaşdıq.

Əslində Novruzun ən gözəl çalarlarından biri də budur, paylaşmaq. Sevinci, sevgini, sovqatı, duzu-çörəyi paylaşmaq. Gözəl arzuları, diləkləri paylaşmaq.

Vallah ki, bu dünyada bir dənə gözəl, milli bayramımız var. Çalışaq ki, onu qoruyaq, uşaqlarımıza öyrədək, yaşadaq ki, sonra onlar da yaşatsınlar.

Baxıram sosial şəbəkələrə, adama xoş gəlir. Ələlxüsus xarici ölkələrdə yaşayan soydaşlarımız necə də gözəl, təmtəraqlı, hər bir qaydasıyla “İlaxır çərşənbə”ni qeyd edirlər. Bəzən bizdən qat-qat dəqiq, bütün qaydalara riayət etməklə bayram sevinci yaşayırlar.

İndi sözümün canı nədir?

Elə dünəndən yenə hücuma keçiblər bəzi qüvvələr ki, bəs Novruz dini bayram deyil, onu qeyd etmək olmaz.

Ay gözəl insan, sən keçirtmirsən, keçirtmə. Sənə xoş deyil, etmə. Bir dənə şəkərbura, paxlava yemək inanmıram böyük günah ola.

Yox, elə günahdırsa siz etməyin. İmkan verin üç günlük dünyada şəkərburamızı, paxlavamızı yeyib, tonqalımızdan atlanaq. Onsuz da başıbatmış sovet hökuməti uzun illər imkan vermədi bu xalq bayramını keçirsin. Camaat gizli-gizli, xəlvətə çəkilib qeyd edirdi bayramı. Sovet hökuməti deyirdi ki, Novruz dini bayramdır.

Sovet dövründə-1967-ci ildə ilk dəfə Novruz bayramının Azərbaycanda rəsmi-dövlət səviyyəsində qeyd olunması tanınmış yazıçı, görkəmli partiya-dövlət xadimi mərhum Şıxəli Qurbanovunla bağlıdır. Şıxəli Qurbanov o vaxtlar “Novruz bayramı”nı “Bahar bayramı” adı ilə ortalığa çıxartdı və xalq uzun illər sonra qorxmadan bayramını qeyd etdi.

Elə həmin il, mayın 24-də Şıxəli Qurbanov qəfil dünyasını dəyişir. İddialara görə, dişlərini müalicə etdirərkən, dişinin dibinə vurulan iynə onun ölümünə səbəb olur. Bu hadisədə isə Sovet hakimiyyətinin əlinin olduğu bildirilir. İddialara görə, adamı hökumət aradan götürüb.

İndi bu qədər uzun-uzadı danışmağımda məqsəd odur ki, adamlar Novruzun bərqərar olması üçün, meydana çıxması üçün canından belə keçib, bütün riskləri gözə alıb, biz isə hələ də qərar verə bilmirik ki, Novruz dini bayramdır, ya milli…

Mənim üçün bütün bayramlar balacalar, uşaqlar üçündür. Qoy balaların bayramları çox olsun. Firavan və şən həyat yaşasınlar. Qapılara atdıqları papaqlar həmişə dolu qayıtsın. Atılan hər qapının, evin də ruzisi bol olsun.

Bir də uşaqlara icazə verin tonqaldan atlansınlar. Məhəllə-məhəllə gəzib taxta axtarsınlar. Evə gələndə üstlərindən tüstü, ocaq qoxusu gəlsin. Amma ehtiyatlı olsunlar. Adamın üstündə Allah var, FHN hər il əhaliyə, insanlara müraciət edir ki, odla, tonqalla ehtiyatlı davransınlar. Amma ki, xalqımızın başı elə qarışır ki, bir də görürsən sap-sağlam ağacı yandırırlar. FHN-də gəlib söndürür.

Yaxşı ki, bu axırıncı çərşənbəni də ölümsüz-itimsiz başa vurduq.

Amma bütün hallarda uşaqlara gözəl uşaqlıq xatirələri yaşamağa-yığmağa imkan yaradın. Qoyun əylənsinlər.

Çünki bir də görürsən ki, böyümüsən, amma danışmağa uşaqlıq xatirən də yoxdur.