Növbəti bina faciəsi qapıda… “Bakıda yüzlərlə belə bina var”

Növbəti bina faciəsi qapıda… “Bakıda yüzlərlə belə bina var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü, çoxlarının ağır vəziyyətdə olması ilə nəticələnən yanğın və digər oxşar hadisələr hakimiyyət təmsilçiləri üçün ciddi xəbərdarlıq olmalıdır, çünki bu vəziyyətdə Bakıda yüzlərlə yaşayış binaları var.

Tribuna-nın xəbərinə görə, bu barədə hüquqşünas Aslan İsmayılov bildirib. O qeyd edib ki, ölkədə hökm sürən korrupsiya sayəsində kim necə, harada gəldi rüşvətlə bütün razılaşmaları almaqla hündürmərtəbəli binalar tikib:

“Bu zaman bir təhlükə təhlükəsizlik qaydalarının pozulmasıdırsa, o biri təhlükə də bədbəxt hadisələr zamanı yanğınsöndürən və təcili tibbi yardım maşınlarının hadisə yerinə yaxınlaşa bilməməsidir.

Ən dəhşətlisi də ondadır ki, bu qanunsuzluqlara qarşı mübarizə aparmaq istəyən vətəndaşlarının etirazlarının yenə də korrupsiyaya görə nəticəsiz qalmasıdır. Yasamal rayonunda baş vermiş bədbəxt hadisənin qarşısını almaq üçün sakinlər illərlə mübarizə aparırlar, bütün cavabdeh orqanlara müraciət edirlər və heç nəyə nail ola bilmirlər.

Faciə nəticəsində həlak olan binanın sakini və komendantı Samir Məmmədovun səs yazısını dinlədikcə adam dəhşətə gəlir. Sakinlər son nəticədə Yasamal rayon məhkəməsinə də müraciət edirlər. Bu çox nadir hadisə olsa da Yasamal rayon məhkəməsinin 03.10.2025-ci il tarixli qətnaməsi ilə yenə də heç nəyə nail ola bilmirlər.

23 səhifəlik məhkəmə qətnaməsini oxuduqca dəhşətə gəlirsən ki, qətnamənin özündə iş üzrə nə qədər saxtakarlıqlar görməməzliyə vurulur. Axı bu yazıq sakin daha nələr etməli idi ki, baş vermiş faciənin qarşısını alsın?!.

Maraqlıdır, bu faciədən sonra günahkar, o cümlədən bu faciənin qarşısını almalı, buna görə dövlətdən maaş alan onlarla vəzifəli şəxslərdən kimlər cinayət məsuliyyətinə cəlb olunacaq?! Yoxsa, yenə yazıq jek müdirini “rasxod”a verəcəklər?!”.

Gülşən Rəsul