Növbəti açıq hərrac keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə keçirilən açıq hərraclar davam etdirilir. 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə keçirilən açıq hərraclar davam etdirilir.

 Daşınmaz dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti belə hərrac 13 iyun tarixində keçirilib. Hərraclar müasir şəraitdə, tam şəffaf, geniş ictimaiyyətin və media nümayəndələrinin iştirakı ilə baş tutur. Əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə ictimai maraq kifayət qədər böyük olub. Hərrac iştirakçıları, dövlət obyekti almaq istəyən vətəndaşlar respublikanın digər regionlarında da keçirilən hərracları canlı şəkildə izləyə biliblər.

 

13 iyunda keçirilən hərracda 5 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib. Hərracda Bakı şəhəri üzrə 1 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri-yaşayış sahəsinə, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsinə, 1 istifadəsiz qeyri yaşayış sahəsinə sahəsinə sifariş verilib. Özəlləşdirilən əmlaklar tikinti, ticarət, təmir, səhiyyə sahəsinə aid olub. Həmin əmlaklar müvafiq olaraq Bakının Sabunçu rayonunda, Tovuz, Gəncə və Oğuzda yerləşir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Tovuzda yerləşən “Turan” kiçik dövlət müəssisəsini və Gəncədə olan Təsərrüfat hesablı Təmir Tikinti sahəsini nümunə kimi göstərmək olar. Qeyd edilməlidir ki, “Turan” kiçik dövlət müəssisəsinin torpaq sahəsi 1306 kv.m, ümumi faydalı sahəsi isə 298 kv.m-ə yaxındır. Təsərrüfat hesablı Təmir Tikinti sahəsinin isə torpaq sahəsi 281 kv.m, ümumi faydalı sahəsi 81 kv.m-ə yaxındır. Özəlləşdirilən əmlakların sahəsi 80 kv.m ilə 577 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Gəncə şəhərində yerləşən sahəsi 30 kv.m olan qeyri-yaşayış sahəsidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir: http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Hərrac zamanı səhmdar cəmiyyətlərin səhm paketləri də özəlləşdirilir. Səhmdar cəmiyyətlərin sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır.

Qeyd edilməlidir ki, dövlət əmlaklarının özəlləşdirilməsi bu müəssisələrə gələcəkdə investisiya qoyuluşlarının artmasına, müəssisələrin istehsal fəaliyyətinin bərpası, yeni biznes subyektlərinin qurulmasına gətirib çıxaracaq. Nəzərə alsaq ki, özəlləşdirilən əmlakların bir çoxu regionlarda yerləşir, bu bölgələrdə əlavə iş yerlərinin yaradılmasına, rayonların iqtisadi potensialının artmasına imkan verəcək. Hərracda iştirak üçün komitənin elektron xidməti (www.e-emdk.gov.az) üzərindən sifariş vermək və əmlakın hərracdakı satış qiymətinin 10%-i məbləğində behi bank vasitəsilə ödəmək kifayətdir. Hərraca çıxarılmış hər bir səhmdar cəmiyyəti, müəssisə və obyektlər, eləcə də nəqliyyat vasitələrinin mövcud vəziyyətini göstərən foto və mətn məlumatları Özəlləşdirmə portalında (privatization.az) əks olunur. Hərraclar barədə həftəlik elanlar isə həm “Mülkiyyət” qəzetində dərc olunur, həm də komitənin rəsmi saytında və Özəlləşdirmə portalında yerləşdirilir.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac 20 iyunda keçiriləcəkdir. Hərraca ümumilikdə 193 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 90-nı kiçik dövlət müəssisə və obyekti, 70-i istifadəsiz qeyri-yaşayış sahəsi və 8-i nəqliyyat vasitəsidir.