Məşhur norveçli yazıçı Knut Hamsunun yaradıcılığı ilə ilk dəfə Gənc Tamaşaçılar teatrında onun eyniadlı romanının motivləri əsasında səhnələşdirilmiş “Viktoriya” tamaşasından sonra maraqlanmağa başladım.
Məşhur norveçli yazıçı Knut Hamsunun yaradıcılığı ilə ilk dəfə Gənc Tamaşaçılar teatrında onun eyniadlı romanının motivləri əsasında səhnələşdirilmiş “Viktoriya” tamaşasından sonra maraqlanmağa başladım.
Rejissor Bəhram Osmanovun hazırladığı premyerada, Norveç səfirliyinin nümayəndələri, dövlət rəsmiləri də iştirak edirdi.
Premyera başa çatdıqdan və pərdələr endirildikdən sonra, onların sevincli üz cizgilərindən, mimikalarından anlamaq olurdu ki, tamaşanı çox bəyəniblər. Bundan sonra, ziddiyyətli həyat yaşamış və nasistlərə rəğbət bəsləyən, Nobel mükafatı alıb, sonra unudulan bu insanın yoxsulluq, həbs, təhqir içində keçən həyat yolunu, əsərlərini də oxudum. Bu romanların içində, ona 30 yaşında uğur gətirən, öz yaşantılarını, başına gələnləri ifadə edən “Aclıq” romanı xüsusilə seçilir və insanda daha böyük təəsüratlar yaradır. Kitabın məzmunu, ölüm aclığı həddində yaşayan yoxsul bir gəncin psixi vəziyyətini əks etdirir. Norveç klassikləri Byornson və İbsenlə olan gərgin münasibətlərinə baxmayaraq, onlar Hamsunun dünya ədəbiyyatı üçün əhəmiyyətini yaxşı anlayırdılar və əsərlərinin dərc edilməsi üçün maliyyə yardımını əsirgəmirdilər. O 1920-ci ildə “Torpağın bərəkəti” əsərində “norveç kəndlilərinin əsrlərlə qorunan torpağa və patriarxal ənənələrə bağlılığını əks etdirdiyinə görə” ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü.Yazıçının həyatı barədə yazılan məlumatları araşdırarkən, maraqlı faktla qarşılaşırıq.
Sən demə, Knut Hamsun 19-cu əsrin sonlarında Rusiyaya səyahət edərkən, əvvəlcə Sankt Peterburga, Moskvaya, oradan da Qafqaza və Bakıya gəlibmiş. Yazıçı 1903-cü ildə “Nağıllar ölkəsində” və “Aypara ölkəsində” adlanan oçerklərində bu səyahət haqqında bəhs edir. Bu yazıları oxuyarkən biz o dövrün və indinin Bakısını müqayisə də edə bilərik.
“Səhər saat 7-nin yarısıdır. Bakı nəhəng ağ toz dumanına bürünmüşdür. Burada hər şey ya ağ, ya da bozdur. Əhəng tozu insanların, heyvanların, evlərin, pəncərələrin, parkda bitən azsaylı ağac və kolların üzərini örtüb. Hər yer adama qəribə gəlir, çünki ağdır. Mehmanxananın tozlu stolunun üstündə mən hərflər yazıram, lakin az müddət sonra onlar yenə toza qərq olub yoxa çıxır.
Nobel müxtəlif boyaqlar axtarıb tapır, ancaq bu lənətlənmiş Bakıda əhəng hər yeri o qədər ağardıb ki, adam ağlını itirər. Şəhəri 13 indiqo növü ilə boyamaq ağlagəlməz bir şeydir! Şəhəri al-əlvan etməyə heç Nobelin də imkanları çatmaz.
Şəhərin havasından kerosin qoxusu gəlir. Bu qoxu insanları hər yerdə, həm evlərdə, həm də küçələrdə təqib edir. Vərdiş etməyənlər də bu qoxu öskürək yaradır. Kerosin küçədəki toza qarışır və külək əsəndə kerosin hopmuş bu toz paltarlarda yağlı ləkələr qoyur.
Hamsunun həyat yoldaşı Berqlot isə rəfiqəsinə yazırdı: “Biz indi Avropanın ən şərqində, Xəzər dənizinin sahilində yerləşən şəhərdəyik. Burada kerosin və neft torpağın altından fontan vurur”.
Bakının iki sivilizasiyanın qovşağında yerləşməsini vurğulayan Hamsun bu barədə yazırdı:
“Bütün insanlar az-çox qeyri-adi görünən paltarlar geyinirlər; şəhər o qədər iranlıdır ki, artıq Avropa şəhəri olmaqdan çıxıb, lakin şəhər o dərəcədə avropalı qalıb ki, hələ iranlı olmayıb”.
Knut Hamsun İçərişəhər haqqında da yazmışdır: “Köhnə Bakının mərkəzində yerləşən qalanın divarları fars-bizans üslubunda ucaldılıb. Divarlar xanın sarayını və iki məscidi dövrələyib. Hazırda saray hərbi anbara çevrilib və içəri daxil olmaq üçün komendantın icazəsi zəruridir. İcazə üçün isə komendanta öz vizit vərəqimi göstərməliyəm, o isə məndə yoxdur. Vladiqafqazdakı kimi, burada da dostum Ventsel Hagelstamın vərəqindən yararlanmağa cəhd edirəm. Növbətçiyə üzərində “Fru Mariya Hagelstam” yazılmış kartı uzadıram, o, başını yırğalayır və pasportumu istəyir. Ürəyimdə “Tanrı, kömək et” söyləyib pasportumu uzadıram. Növbətçi hər iki sənədə baxır, adları müqayisə edir və ona elə gəlir ki, hərflər uyğundur. Sonra qapını döyəcləyir və sənədləri komendanta aparır. Bu saxtarakarlığın baş tutacağına elə də ümid bəsləmirdim. Növbətçi qayıdır, pasportumu qaytarır və gənc poruçiki hər şeyi göstərməsi üçün mənə qoşur. Xilas oldum. Tüfəngli kazak mənimlə poruçikin ardınca gəlir.Poruçik deyir ki, Bakının son xanının 50 arvadı olub və ruslar 1806-cı ildə Bakını fəth edən zaman hamısını götürüb qaçıb. Bu Hüseynqulu xan Bakının fatehi general Sisianovu şəhər açarlarını ona təqdim etmək anında xəncərlə öldürtdürüb.
Burada 2 məscid də yerləşib və biz gözləyirdik ki, hansısa molla minarədən əzan verəcək, ancaq saat 12-dən keçsə də, molla gəlib çıxmadı. Bu barədə poruçikdən soruşanda, o, dərhal məscidin yaxınlığında əyləşmiş əmmaməli bir neçə qocanın üstünə qışqırdı, onlar poruçiki axır ki başa düşəndə isə başlarını yanlara yırğaladılar: molla xəstələnibmiş.
Biz “Qız Qalası”na da getmək istəyirdik, ancaq isti o qədər boğucuydu ki, bu niyyətimizdən daşındıq və parka yollandıq. Günəşdən bütün bitkilər yanmışdı, tozla örtülmüşdü. Mənzərə ağır təəssürat oyadırdı. Vur-tut bir neçə xırda akasiya, badam və əncir ağacına rast gəlinirdi”. Vladiqafqazda, daha sonra isə Tiflisdə olan yazıçını Bakı təəccübləndirsə də, neft buruqlarında o proqress deyil, ətraf mühiti dağıdan çirk və şər görürdü. O yazırdı: “Amerika öz maşınlarının səs-küyü ilə buraya da müdaxilə etmişdir. Bir dəfə parslar məbədə gələndə (Atəşgah nəzərdə tutulur) ziyarətgahın yanında kerosin zavodu tikildiyini görürlər. Hücrələrdəki balaca günəşlər söndürülmüş, qaz şırnaqları isə zavoda istiqamətləndirilmişdi”.
VÜSAL BAĞIRLI