2025-ci ilin Nobel Sülh Mükafatı Venesuela müxalifət lideri Maria Korina Maçadoya təqdim edilib.
Tribunainfo.az xəbər verir ki, Nobel Komitəsi onun bu mükafata “Venesuelada xalqın demokratik hüquqlarını davamlı şəkildə müdafiə etdiyi, zorakılığa yol vermədən azad və ədalətli seçkilər uğrunda mübarizə apardığı üçün” layiq görüldüyünü bildirib.
Maçado mükafatın tam sahibi olub – bu il Nobel Sülh Mükafatı bir nəfərə verilib.
Kimdir Maria Korina Maçado?
1967-ci ildə Venesuelada anadan olan Maria Korina Maçado mühəndis təhsilli siyasətçidir. O, son illərdə ölkəsində avtoritar rejimə qarşı demokratik dəyişikliklər hərəkatının öncüllərindən biridir.
Maçado “Vente Venezuela” adlı müxalifət partiyasına rəhbərlik edir və 2023-cü ildə keçirilən seçkilərdə prezidentliyə namizədliyini irəli sürmüşdü. Lakin Venesuela hökuməti onun namizədliyini qeydə almamış, sonradan siyasi təzyiqlər və təqiblər nəticəsində Maçado bir müddət gizlənmək məcburiyyətində qalmışdı.
Nobel Komitəsinin açıqlaması
Norveç Nobel Komitəsinin bəyanatında qeyd edilir ki, Maria Korina Maçado “qaranlıq artdıqca demokratiyanın alovunu yandıran qadın” kimi Venesuela xalqının azadlıq arzularını təmsil edir.
Komitə onu həm də qadın liderliyinin gücünü nümayiş etdirdiyi və sülh yolu ilə dəyişikliklərə sadiq qaldığı üçün xüsusi vurğulayıb.
Qeyd edək ki, Maria Korina Maçadonun Nobel Sülh Mükafatını qazanması beynəlxalq səviyyədə Venesuela müxalifətinə dəstək kimi qiymətləndirilir. Ekspertlər hesab edir ki, bu addım ölkədə demokratik keçid prosesinə yeni impuls verə bilər.
Gülşən Rəsul