Norveç Nobel Komitəsi 2025-ci il üçün Nobel Sülh Mükafatını Venesuela müxalifətinin tanınmış simalarından olan Mariya Korina Maçadoya təqdim edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Komitənin rəsmi açıqlamasında bildirilir.
Qeyd edilir ki, Maçado bu mükafata “Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və ölkədə diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda yorulmaz mübarizəsinə görə” layiq görülüb.
Son bir ildə Maçado Venesuelada gizli şəkildə yaşamaq məcburiyyətində qalıb. Onun həyatına yönəlmiş ciddi təhdidlərə baxmayaraq, ölkəni tərk etməyib.
Komitə vurğulayıb ki, Mariya Korina Maçado Venesuela müxalifətini bir araya gətirib, cəmiyyətin hərbi rejimə qarşı demokratik mübarizəsini təşkil edib və ölkədə militarizasiyanın qarşısında qətiyyətli mövqe nümayiş etdirib.
“O, diktatura şəraitində sarsılmaz iradə göstərib, Venesuela cəmiyyətində dinc dəyişiklik və azad seçkilər ideyasını qoruyub saxlayıb. Onun fəaliyyəti beynəlxalq ictimaiyyət üçün də demokratiyanın və sülhün vacibliyinə dair güclü mesajdır”, – açıqlamada bildirilir.
Qeyd edək ki, son zamanlar Nobel Sülh mükafatına potensial namizəd olaraq ABŞ Prezidenti Donald Trampın adı hallanırdı. İspaniyanın “El Pais” qəzeti öz mənbələrinə istinadən Trampın adının bu kateqoriya üzrə namizədlər siyahısına daxil edildiyini yazmışdı. Buna əsas olaraq isə ABŞ liderinin ikinci prezidentliyi dövründə ölkələr arasında bir neçə münaqişəyə son qoyması göstərilib.