“Nizami” stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb.
“Nizami” stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb. TİA.AZ xəbər verir ki, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə yayıb.
O bildirib ki, stansiya sərnişinlərini istismara verildiyi dövrdə olduğu kimi tamamilə yenilənmiş görkəmi ilə qarşılayır:
“Bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb. Təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub. Ən vacibi isə təmir prosesində dahi Azərbaycan mütəfəkkiri, şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub”.
Stansiyanın memarlıq incisinin yerləşdiyi orta zalın təmir işlərinin miqyası daha geniş olub.
Qeyd edək ki, “Nizami” stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq.
Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək.