Nizami Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) bir gündə iki tenderin nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, həmin satınalma müqaviləsinə əsasən MKTB rayonda məhəllədaxili yollarda aparılacaq təmir işlərini və parklarda görüləcək abadlıq işlərini həyata keçirəcək.
Rəsmi məlumatlarda qeyd edilir ki, MKTB məhəllədaxili yolların təmiri üçün 446.281,25 manat, parklara abadlıq işləri üçün isə 274.662,36 manat xərcləyəcək.
Qeyd edək ki, hər iki tenderin qalibi “KONEKS CONSTRUCTİON” MMC olub.
Bura kimi hər şey qaydasındadır və MKTB hətta üç işi bir şirkətə də verə bilər. Lakin məsələnin qəribə tərəfi budur ki, tenderin qalibi olmuş “KONEKS CONSTRUCTİON” MMC-ni fəaliyyət profilinin bu işlərə heç bir dəxli yoxdur. Tribunainfo.az-ın internet üzərindən apardığı araşdırma zamanı məlum olub ki, şirkət İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestrdə 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı isə 10 AZN-dir. MMC-nin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşir. Rəhbəri isə Fərzəliyev Mehdi Məhəmmədəli oğludur.
Bir digər araşdırma nəticəsində isə məlum olub ki, “Koneks Construction” MMC geyim və ofis ləvazimatları satışı üzrə ixtisaslaşıb. Amma hansısa qəribə səbəbdən geyim satan və ofis ləvazimatlarının satışı ilə məşğul olan şirkət qəfil tikinti şirkətinə çevrilib və Bakının əsas rayonlarındakı asfaltlama işlərinə və parkların abadlaşdırılması tenderlərinə daxil olub. Bu azmış kimi, qısa zamanda “Koneks Construction” MMC Səbayel, Yasamal, Cəlilabad, Kürdəmirə qədər genişlənərək, “tender kralı”na çevrilib.
Məsələn, “Koneks Construction” MMC bir qədər əvvəl Mədəniyyət Nazirliyinin tabeliyində olan Kürdəmir şəhəri Heydər Əliyev Mərkəzində və Cəlilabad şəhəri Dövlət Rəsm Qalareyasında aparılacaq cari təmir işlərinin qalibi olub. MMC bunun müqabilində 344 636 manatlıq satınalma müqaviləsi bağlayıb.
Bunun ardından Səbail Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə məhəllədaxili yollarda aparılacaq abadlıq işləri üçün satınalma müqaviləsi bağlayıb. Bu dəfə isə müavilənin dəyəri 340 833 manat təşkil edib.
Analoji tender razılaşması Yasamal Mənzil-Kommunal Təsərrüfat Birliyi də əldə edilib. Bu dəfə də məhəllədaxili yolların təmiri həyata keçirilib. Həmin müqavilənin dəyəri isə 300 min manatdan bir qədər yüksək olub