Əgər Fitzcerald bu gün sağ olsaydı və yenə də ədəbiyyatı seçsəydi, yəqin ki, illik gəliri yarım milyon dollardan çox olardı
Əgər Fitzcerald bu gün sağ olsaydı və yenə də ədəbiyyatı seçsəydi, yəqin ki, illik gəliri yarım milyon dollardan çox olardı
Halbuki onun yaşadığı dövrdə dəb halını almamış qısa hekayə janrı müasirləri tərəfindən gündəlik çörək pulu – elə yerindəcə 3-5 dollar qazanmağın yolu hesab olunurdu. Məsələn, tanınmış ədib kimi Fitzceraldın qısa hekayə yazmaq və hər gün bir hekayə nəşrindən əldə etdiyi gəlir illik on min dolları keçmirdi. 1920-ci ildə qazanılan 10 min dollar isə bu günün 120 min dollarına ekvivalentdir. “Möhtəşəm Qetsbi” kimi nəhəng bir şah əsər yazmış olmasına baxmayaraq, Fitzcerald məhz çağdaş dövrün sevilən janrı qısa hekayənin ustası idi. 44 illik ömründə zəmanəsinə görə, böyük pullar qazanmış Fitzceraldın əsl uğurlu dövrü məhz 2010-cu illərdir – qısa hekayənin sərvət gətirdiyi dövr. Düzdür, XX əsrdə də ədəbi janr kimi qısa hekayənin kifayət qədər nüfuzu olub. Həmin dövrdə də ədəbi dərgilər sanballı hekayələri yüksək qiymətləndirir və yaxşı qonorarla fərqləndirirdilər.
Bəs, bu gün necə? Bu gün bir qısa hekayə ilə 50 min dollar qazanmaq mümkündürmü? Əlbəttə ki, yox. Hətta sadəcə bəhs olunan janr üzərində mərkəzləşmiş yazarlar arasında belə sadəcə qısa hekayə yazmaqla 50 min dollar qazananı tapmaq çətindir. Qısa hekayə istehsalına ömrünü həsr etmiş müəlliflər böyük bir yazarlıq karyerası boyu bu pulu ancaq qazanırlar. Amma qısa hekayə müəlliflərinin nüfuzu indi əvvəlkindən qat-qat çoxdur. Nəsrin “balaca sərçə”sinə könül verənlər xüsusi rəğbətlə qarşılanırlar. Bir zamanlar yalnız “The New Yorker”-in səhifələrində görünən hekayələrin indi olduqca geniş oxucu auditoriyası var. Cəmi bir nümunə ilə sizə reallığı göstərək – indi Amerikada roman çap etdirmək nüfuzlu mətbu orqanlarda qısa hekayə dərc etdirməkdən daha asandır. Təsəvvür edin ki, qısa hekayə toplusu təqdim edən yazarlar nəşriyyatlar üçün ələdüşməz incidir. Hətta “The New-Yorker” kimi dərgilərə istənmədən, məcburi şəkildə təqdim edilmiş qısa-hekayələr ədəbi agentlərin işgüzarlığı hesabına sevilən hekayələr siyahısına daxil olub. Yəni, artıq başlanğıc üçün yazdığınız qısa hekayələrin dərgilərdə asanlıqla işıq üzü görməsi şansı heçə enib.
Çap dərgilərə əsər qəbul prosesi isə dözülməzdir. Artıq çox sərt şərtlər irəli sürən redaktor heyəti dərcə “yaraşmayan” hekayəni jurnalın onlayn səhifələrinə yönləndirməkdə maraqlıdır. Onlayn dərgilərdə nəşr olunan hekayələr üçün kiçik məbləğdə qonorar ödənir, bəzən isə heç nə verilmir. Çünki bu tip dərgilər daha çox qısa – hekayələrini kolleksiya şəklində dərc etdirməyə hazırlaşan peşəkarların əlyazmalarına yer verməkdə maraqlıdırlar. İşin paradoksal tərəfi isə ondadır ki, nəşriyyatlar da nüfuzlu dərgilərdə hekayələri dərc olunmuş yazarların kitablarına üstünlük verir. Buna görə də yola yeni başlayanlar işini yaxşı bilən ədəbi agentlər axtarır. Qısa hekayə toplusunun nəşrə qəbul edilməsi özlüyündə çətindir. Bəs, bu əziyyətli mərhələnin nəticəsi necədir? Satış göstəriciləri nəşriyyatları qane edirmi? Ümumilikdə qiraətlə məşğul olanların sayındakı azalma qısa hekayə toplularının satış göstəricisinə daha çox təsir edib. Çünki bu janrla maraqlanan oxucu auditoriyası onsuz da xüsusi bir qrupdur. Topluların baha başa gəlməsi onların satış qiymətini də artırır. Bu isə öz növbəsində satış göstəricilərinin aşağı düşməsinə səbəb olur.
Yazarlar özləri də etiraf edir ki, qısa hekayəyə yönəlməyin, əslində, naşirlərin və oxucuların bilmədiyi bir səbəbi də var. Məsələn, romanlıq məkan, hadisə, qəhrəman, mövzu var. Amma yazarın saysız-hesabsız işləri – müsahibələr, müqaviləli məqalələr, planlaşdırılmış təqdimatlar, imza günləri, hazırda üzərində iş gedən bir roman və s.– həmin an əvəzsiz fürsəti dəyərləndirməyə imkan vermir. Ədəbiyyat isə bütün bu lazım olan vasitələrin tez-tez bir yerdə tapıldığı bir sahə deyil. Ona görə də yazar əlinə düşmüş, daha doğrusu, beyninə dolmuş bu ələdüşməz, əvəzsiz xammalı dərhal məhsula çevirmək və yaradıcı imkanın ani hədiyyəsindən yararlanmaq istəyir, qısa hekayə yazır. Digər bir səbəb isə yaradıcı yazarlıq qruplarında həvəskar yazarların şüuruna yeridilən məsləhətdir – yazmağa qısa hekayə ilə başlayın. Geniş yayılmış düşüncə olsa da, əslində, ədəbi karyeraya qısa hekayə ilə başlayıb, o yolla da davam edən yazarların sayı azdır. Çünki qısa hekayə yazmaqla şöhrətə, beynəlxalq nüfuza sahib olmaq bir xeyli çətindir. Bunun üçün müəllifdən üstün dərəcədə istedad, ədəbi səriştə tələb olunur. Ədəbi mükafatların qaliblərini gözdən keçirək.
Nüfuzlu “Pulitzer” ədəbi mükafatı sonuncu dəfə 2000-ci ildə müsabiqəyə hekayə toplusu ilə qatılmış Cumpa Lahiriyə verilib. Müasir dövrdə hekayə toplularının romanlarla yarışdığı müsabiqələrdən həmişə məğlub ayrılması bu janrda məftunedici ədəbi imzaların olmadığına işarədir. Lahirinin “Xəstəliklərin tərcüməçisi” (“İnterpreter of maladies”) toplusunun satış göstəriciləri də auditoriyanın belə bir ədəbi həzzə aclığının sübutu idi. Üstəlik Lahiri bu uğuru debüt əsəri ilə qazanmışdı. Devid Foster Vallas “Sonsuz jest” (“İnfinite jest”) adlı romanı ilə dünya şöhrəti, “Çarəsiz Kral” (“The pale King”) adlı romanı ilə “Pulitzer” mükafatı qazansa da, hekayə toplusu dərc etdirməklə istedadını şübhə altına saldı. Yazıçı Stiven Milhauser də eyni taleyi yaşadı. 1997-ci ildə “Pulitzer” mükafatı alaraq tarixə düşən Milhauser böyük təntənə ilə ən mükəmməl hekayələrini toplayaraq, “Gecənin səsləri” (“Voices in the night”) adı altında nəşr etdirdi. Toplu nəinki gözlənilən uğuru qazanmadı, müəllifin karyerasında “qara pişik” oldu.
Nobel mükafatının qısa hekayə tarixi isə XXI əsrdə Elis Munronun adı ilə başladı. “Müasir qısa hekayənin ustası” 2013-cü ildə Nobel Ədəbiyyat mükafatı alarkən, naşirlər və oxuculardan bu janrla məşğul olanlara dəstək verilməsini xahiş etmişdi. Lakin hələ ki, Nobeldən qısa hekayəyə işıq izi görünmür.
Bəs, çağdaş qısa hekayənin Saunders və başqa qüdrətli imzaları formada innovasiyalar yaratmaq üçün nə ediblər? Qısa hekayə janrını daxil olması getdikcə çətinləşən bir bölməyə necə çeviriblər? Mütləq mənada yüzlərlə səhifə boyu səpilən bir ideyanın 15-20 səhifəlik nəsr nümunəsində birləşdirilməsi prosesi müəyyən bir yol qət edib. Müəlliflər nə baş verdiyini sistem şəklində bilmədiklərini iddia edirlər. Məsələn, Saundersi Nobel almış roman müəlliflərindən bir neçə addım irəlidə saxlayan nədir? Yazdığı hər qısa hekayədə nəhəng bir romana çevrilməsi mümkün olan mövzu, hadisələr və qəhrəmanları birləşdirməsidir. Bəzən isə onun bircə hekayəsində 10-a yaxın ana fikir, ideya tapırsan.
Qısa hekayənin bu qədər dəyər qazanması müəllifləri əlavə tələblərə cavab vermək məcburiyyətində qoyub. Belə ki, artıq qısa hekayə şeirin cavab verdiyi standartlarla işləyir. Hər bir paraqraf, cümlə və söz artıq böyük bir romanda daşıdığından daha dərin məna daşımalı, ədəbi çəkisi daha ağır olmalıdır. Bununla yanaşı, qısa hekayənin həcmi oxunarkən yarım saatdan çox vaxt aparmamalı, oxucu ədəbi zövq üçün zaman sərf etmiş kimi hiss etməməlidir. Nəzərdə tutulan mövzu hekayənin sonuna kimi tamamlanmalı, əsas fikir aydınlaşdırılmalıdır. Düzdür, etiraf etmək lazımdır ki, bəlkə də qısa hekayə heç vaxt roman qədər geniş yayılmış bir janr olmayacaq. Amma bu janrın müasir nümunələrinin müəllifləri məhz qısa hekayəyə maraq göstərənlərin yüksək standartlarına tam cavab verməyə çalışır. Artıq qısa hekayə ədəbiyyatla məşğul olmağa başlamağın ilkin mərhələsi deyil. İndi qısa hekayə ilə məşğul olmaq ədəbi güc göstərməkdir, meydanın cəngavəri kimi tanınmaqdır. Qısa hekayənin uğurlu müəllifi kimi tanınmaq, sözün əsl mənasında, hər iki ağzı kəsən qılıncın sahibi olmaqdır.
Hər şeyin sürətlə sıradan çıxdığı, insanların az zamanda daha çox şeyə yiyələnmək istədiyi, zaman məfhumunun insan ömrü qədər böyük əhəmiyyət daşıdığı bir dövrdə milyonlarla oxucunu qələmindən asılı vəziyyətə salmaq üçün yazarın aylara, illərə ehtiyac yoxdur. İndi bunun üçün sadəcə bədii ifadə üsullarının sərhədlərini zorlamaq kifayətdir. Çünki qısa hekayənin daimi izləyiciləri və oxucuları artıq ən az onu yazanlar qədər peşəkar, diqqətcil və zövqlüdürlər.
İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı
Mənbə: Huffington Post(Artkaspi.az)