125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd Nigar Ələsgərova Sumqayıt şəhərində yerləşən Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Qubadlı rayon Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbinin həyətində bir qrup seçici ilə görüşüb.
Görüşdə özü haqqında seçicilərinə məlumat verən N.Ələsgərova hazırda daha çox sahibkarlıq və ictimai fəaliyyətlə məşğul olduğunu bildirib. Qeyd edib ki, millət vəkili üçün ən vacib keyfiyyət qanun yaradıcılığı ilə yanaşı, onu seçən insanları hiss edərək, onların qarşılaşdıqları problemlərin həlli istiqamətində enerjisini, vaxtını sərf etməsidir.
Seçicilər isə əmin ediblər ki, onlar N.Ələsgərova kimi dövlətə və Cənab Prezidentə dəstək verən namizədin yanında olacaqlar.
Görüşdə seçicilərə N.Ələsgərovanın seçki platforması və tərcümeyi-halı əks olunan bukletlər paylanılıb.
Elə həmin gün N.Ələsgərova Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yaşayan, Qubadlıdan olan bir ailədə qonaq olub, iki müxtəlif yataqxanada məskunlaşan Qubadlı və Zəngilandan olan seçicilərinə də baş çəkib.
Görüşdə bildirilib ki, Qaradağ rayonu ərazində, xüsusən də qəsəbələrdə xeyli sayda qubadlılı məskunlaşıb ki, onları bu zamanadək heç bir namizəd ziyarət etməyib.
N.Ələsgərova özü və seçki platforması haqqında, Qubadlı və Zəngilana olan səfəri ilə bağlı ətraflı məlumat verib. Qeyd edib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 200-ə yaxın məcburi köçkünün özünüməşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyətinə cəlb olunması ilə bağlı 2 böyük layihənin rəhbəridir. Deputat seçiləcəyi təqdirdə, bu cür layihələrin miqyasını daha da genişləndirəcək.