Amerika Futbolu Liqası (NFL) çərçivəsində çempionu müəyyən edəcək “Super Bowl” tədbiri ABŞ-ın Nyu Orleans şəhərində baş tutacaq.
Qaynarinfo xəbər verir ki, 10 fevral, Bakı vaxtı ilə saat 03.30-da “Kanzas Siti Çiefs” və “Filadelfiya Eagles”komandaları arasında keçiriləcək final qarşılaşmasını televiziyadan 100 milyon, stadiondan isə 83 min tamaşaçının izləyəcəyi gözlənilir.
Bu möhtəşəm idman tədbirinin televiziya yayımı, marketinq, reklam, bilet satışı, forma və qida-satış gəlirləri ilə birlikdə 500 milyon dollarlıq iqtisadi təsir yaratması proqnozlaşdırılır.
“Super Bowl” gecəsi Şükran Günündən sonra ABŞ-da ən çox qida istehlak edilən ikinci gün hesab olunur. Tədbiri izləyəcək 100 milyon insanın hər biri orta hesabla 6 min kalori qəbul edəcək ki, bu da sağlam qidalanma normasının təxminən iki qatıdır.
Araşdırmalara görə, “Super Bowl” izləyicilərinin 17%-i üçün reklamlar tədbirin ən maraqlı hissəsidir. Bu il “Super Bowl” zamanı yayımlanacaq 30 saniyəlik bir reklamın qiyməti 7 milyon dollara qədər yüksəlib. Ümumilikdə, bütün reklam fasilələrinin ümumi müddətinin 43 dəqiqə 45 saniyə olacağı gözlənilir.