Burun əməliyyatından bir gün sonra halı pisləşərək komaya düşən və həyatını itirən 30 yaşlı Nəzrin Mansurova hadisəsi, iş yoldaşları ilə birlikdə əməliyyat zamanı ad günü qeyd edən cərrah mama-ginekoloq Ləman Əliyevanın xəstəsinin həyatını təhlükəyə atdığı iddiası ölkədə yetəri qədər səs-küyə səbəb olub. Son zamanlar ölkədə həkim səhlənkarlığından baş verən digər ölüm hadisələri də bir daha bu mövzunu aktual hala gətirib.
“Hər hansısa fakt üzrə, xəstələrin tibbi prosedurlar, cərrahi əməliyyatlar ucbatından əmək qabiliyyətini, sağlamlığını itirməsi və ya dünyasını dəyişməsində həkim məsuliyyətsizliyinin olub-olmamasını müəyyənləşdirmək üçün mütləq məhkəmə tibbi ekspertiza təşkil edilməlidir”.
Bu sözləri Tribunainfo.az saytına açıqlamasında tanınmış cərrah, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, məhkəmə tibbi ekspertiza rəyi olmadan kimsə həkim səhlənkarlığından dəqiq danışa bilməz:
“Dərhal kimisə günahlandırmaq lazım deyil. Ola bilər ki, həqiqətən həkim səhvi, cinayəti var, ancaq, bunu məhkəmə tibbi ekspertizası müəyyən etməlidir. Təəssüflər olsun ki bəzən hamilə qadın yoxlanmadan hamiləliyin sonuna yaxın həkimə müraciət edir. Hamiləliyi ilə yanaşı ciddi xəstəlikləri aşkar edilir və doğuşdan sonra da dünyasını dəyişir. Burada həkimdən çox vətəndaş məsuliyyətsizliyi var. Yəni hər zaman doğru günahkarın tapılmasına hədəflənməliyik. Cəza alacaq şəxs haqlı şəkildə cəza almalıdır. Bu da məhkəmə tibbi ekspertizasının rəyindən sonra müəyyən edilir. Daha sonra hüquqi prosedurlar başlanır”.
Azərbaycan Konstitusiyasına görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Həkim pasiyentə göstərilən tibbi yardımın keyfiyyətinə birbaşa cavabdehlik daşıyır.
Qeyd edək ki, özəl tibb müəssisələrində həkimlərin fəaliyyəti əmək müqaviləsi əsasında tənzimlənir. Özəl klinikaların lisenziyalarının ləğvi Səhiyyə Nazirliyinin səlahiyyəti xaricindədir. Nazirlik isə lisenziyanın verilməsi üçün sadəcə rəy verən orqandır.
Professor iş sistemində olan boşluqlardan da bəhs edərək özəl klinikalara Səhiyyə Nazirliyinin birbaşa mütəmadi tibbi nəzarətinin olmasının vacibliyini qeyd edib:
“Səhiyyə ilə bağlı prosedurların hamısı, mülkiyyət subyektindən asılı olmayaraq dövlət, özəl, sığorta səhiyyə xidmətləri hamısı səhiyyə qurumlarının nəzarəti altında olmalıdır. Hər bir özəl klinika kommersiya təyinatlı tibb müəssisəsidir. Burada aparılan əməliyyatların akkreditasiyası olmalıdır. Xəstənin harda əməliyyat olunmasından asılı olmayaraq tibbi qanunları ilə hərəkət edilməli, tibbin qanunları ilə müalicə olunmalıdır. İqtisadiyyat Nazirliyi vergi baxımından tənzimlənməsinə nəzarət edə bilər. Özəl klinikaya nazirliyin birbaşa tibbi nəzarəti olmasa özbaşınalıq davam edəcək. Səhiyyə Nazirliyinin özəl klinikalarda tibbi fəaliyyəti yoxlamaq üçün tam hüququ olmalıdır”.
Bəs həkim işində yol verdiyi səhlənkarlığına görə hansı məsuliyyətə cəlb oluna bilər?
“Həkim səhlənkarlığı sadəcə həkimin səhvindən ibarət deyil, həmçinin həkimin xəstə ilə bağlı lazımi tibbi prosedurları həyata keçirməməsi, xəstəni vaxtında müayinə etməməsi və onu xəstəxanaya yerləşdirməməsindən ibarətdir”.
Bu sözləri isə sayta açıqlamasında vəkil Qulam İsmayılzadə bildirib. Onun sözlərinə görə, əgər həkim tərəfindən qəbul edilmiş qərar xəstənin səhhətinə ciddi zərər vurmuş və ya onun ölümünə səbəb olmuşsa bu cinayət tərkibinin əmələ gəlməsi üçün əsas ola bilər:
“Lakin həkimin səhlənkarlığının sübuta yetirilməsi üçün dəqiq səbəbli əlaqə olmalıdır, çünki qeyri-müəyyənlik olduğu halda tibbi heyət məsuliyyətdən azad olur, bu halda baş vermiş hadisə tibbi risk kimi qiymətləndirilir. Həkim, işində baş vermiş səhlənkarlığa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət daşıyır. Həkim səhvindən asılı olaraq verilən cəzalar sırasına cərimə, 240 saatdan 460 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri, azadlıqdan məhrum etmə daxildir”.
Q.İsmayılzadə həmçinin bildirib ki, həkim işində yol verdiyi səhlənkarlığa görə cinayət məsuliyyəti ilə yanaşı mülkü məsuliyyətə də cəlb oluna bilər:
“Mülki məsuliyyət dedikdə həkimin səhlənkarlığı nəticəsində xəstəyə vurduğu maddi və mənəvi zərərə görə, həmçinin xəstə öldüyü təqdirdə onun ailə üzvlərinə mənəvi zərərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulur. Mülki məsuliyyət Azərbaycan Respublikasının Mülki Məcəlləsində öz əksini tapıb”.
Bəs hüquqi müstəvidə çatışmazlıq varmı?
Məlumat üçün bildirək ki, bir çox faktlar, hadisələr araşdırılsa da əksər zaman qərar həkimin lehinə verilib.
Zərər çəkmiş vətəndaşlar isə məhkəmənin qərarı ilə əksər zaman razılaşmırlar.
Bəzi tibb müəssisələrinin nüfuzundan asılı olaraq məhkəmənin qərarına təsir edə biləcəyini qeyd edən vəkil hüquqi müstəvidə yaranan problemləri dilə gətirərək boşluqların olduğunu nəzərə çatdırıb:
“Həkim səhlənkarlığı ilə bağlı dəfələrlə müraciət edilib. Bu, məhkəmə prosesi nəticəsində həll edilib. Məhkəmə zamanı hakim tibbi biliklərə sahib olmadığı üçün bu formalı işlərdə məsələnin araşdırılması üçün tibbi ekspertiza təyin edilir. Lakin çox zaman səhləkarlıq açıq aşkar olsa belə həkim lehinə qərar verilir. Ola bilər bu tibb müəssisələrinin nüfuzundan və ya əlaqələrinin olmasından asılı olsun. Lakin bəzən baş verən hadisələrdə yanlışlıq göz önündə olduğu üçün müvafiq faktı təsdiq edən məlumatı təqdim edir.
Bu işlərin sübut etmədə çətinliyi odur ki, məsələn, bir həkim səhlənkarlıq və ya yanlışlıq edirsə, nəticədə hansısa vətəndaşın sağlamlığına zərər dəyirsə, vətəndaş digər xəstəxanaya, həkimə müraciət edir, əvvəlki həkimin yanlışlığı təsdiq edilsə də bunu həkim şifahi izah edir. Yəni bunun üçün hansısa arayış, təsdiq kağızı, sənəd verilmir. Əksər həkim kolleqa yoldaşının yanlışlığını görsə də üzərini açmır”.
Bəs məhkəmə tibbi ekspertiza nəticəsindən narazı qalan vətəndaş nə etməlidir?
“Ekspertiza qərarından narazı olan vətəndaş təkrar ekspertizanın keçirilməsinə dair vəsatət verir. Məhkəmə isə bəzən təyin etsə də, bəzən yenidən təyin etmir. Bu gedişatdan asılı olaraq dəyişir”,-deyə vəkil vurğulayıb.
Bəs həkimin səhvinə görə klinika məsuliyyət daşıyırmı?
Suala açıqlama gətirən vəkil, vurulmuş zərərə görə kompensasiyanın həkimdən əlavə onun işlədiyi klinikadan da tələb edilə bilinəcəyini açıqlayıb.
“Məsələn, uğursuz plastik əməliyyat nəticəsində şəxsə dəymiş ziyanı şəxs həm plastik xirurqdan həm də ki, onun əmək müqaviləsi üzrə işlədiyi klinikadan tələb edə bilər.
Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə istənilən hüquqi mübahisələr çox mürəkkəbdir. Bu səbəbdən xəstənin və ya onun nümayəndələrinin maraqlarını məhkəmələrdə təmsil edə biləcək vəkil tələb edilir”,- deyə Qulam İsmayılzadə qeyd edib.
Şahanə Quliyeva