Nəzakət Məmmədova: “Bu iki hadisə dünya müharibəsinə səbəb olmayacaqdır, lakin…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu referendumlar gərginlik mənbəyi olaraq qalacaqdır”
 

Ötən ayın sonundan etibarən dünya katalonların və kürdlərin keçirdiyi referendumu müzakirə edir. Və bir çox ekspertlər belə hesab edir ki,  III Dünya Müharibəsinin baş verməsi qaçınılmaz ola bilər. TİA.AZ   baş verən siyasi proseslərlə bağlı beynəlxalq münasibətlər üzrə ekspert, Corc Marşall adına “Avropa Təhlükəsizliyinin Araşdırılması Mərkəzinin ” məzunu Nəzakət Məmmədova ilə həmsöhbət olub. Ekspert dünyanın siyası arenasında baş verənləri bu dəfə TİA.AZ oxucuları üçün şərh etdi.

 

-Nəzakət xanım, ötən həftənin siyasi mənzərəsinə nəzər salmaq istərdik. Ötən həftə də Ən çox müzakirə olunan məsələlərdən biri Kürdüstan və Kotoloniya ilə bağlı oldu. Çoxları elə düşünür ki,  bütün bu proseslər III Dünya Müharibəsini tətikləyə bilər. Bu ehtimallar nə dərəcə də doğrudur?

Bəli, ötən qısa bir müddət ərzində dünyanın iki fərqli qitəsində bir-birindən 3500 km  aralı bir ərazidə iki oxşar proses baş verdi. Bu, mərkəzi hakimiyyətin iradəsi əleyhinə bölgələrdə keçirilən referendumlar oldu. Əslində, ərəblərin və ispanların ümumi bir tarixi də var. İspaniya ərazisində vaxtilə Xilafət dövründə  mövcud olmuş Kordova əmirliyinin olduğunu yada salsaq, sanki tarix bu iki xalqı yenidən ümumi bir tarixi hadisə yaşamağa vadar etdi.
İspanlar və ərəblər bu dəfə öz dövlətlərinin ərazi bütövlüyünü bir-birindən yox, katalonlardan və kürdlərdən qorumaq uğrunda ayağa qalxdılar. Lakin maraqlıdır ki, əsrlər əvvəl Cəbəlluttariqdən keçib, İspaniyanı fəth edən ərəblər öz ərazilərindəki kürdlərin təfriqəçilik cəhdlərinə qarşı bir o qədər də kəskin mövqe nümayiş etdirmədilər.

Bəlkə də, ona görə ki, həmin hadisələrin baş verdiyi VIII əsrdə ərəblər dünyanın indiki dillə desək, supergüclərindən, güc mərkəzlərindən biri idilərsə, bu gün o mövqelərini itiriblər. Nəticədə bu gün orada referendum keçirildi. Təbii ki, suveren dövlətlərin parçalanmasına yönəlmiş bu addımlar bir sıra beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən narahatlıqla qarşılandı. Bu proseslər bir daha göstərdi ki, separatizm də terrorizm kimi sərhəd tanımır, dünyanın istənilən bölgəsində – istər bu İspaniya kimi güclü Avropa dövləti olsun, istərsə də İraq kimi zəif Yaxın Şərq ölkəsi hər yerdə təzahür edə bilər. Bu referendumlar həm öz ölkələrinin mərkəzi hökuməti, həm də beynəlxalq səviyyədə pislənsə də, təəssüf ki, separatçı bölgələr istədiklərini həyata keçirdilər.

Doğrudur, İspaniyada hökumət güc tətbiq etsə də, İraqda bu, baş vermədi.  Bu referendumlar gərginlik mənbəyi olaraq qalacaqdır. Şəxsən mənim fikrimcə, bu referendumlar əvvəlcə bütün ölkə ərazisində, əgər ölkədə  əhali sessessiyaya (separatçı bölgənin dövlətdən ayrılmağına) razı olarsa, yalnız ondan sonra həmin bölgədə keçirilə bilər. Axı, demokratiyada azlıq çoxluğa tabedirsə, nə üçün bir bölgə əhalisinin iradəsi bütün ölkə əhalisinin iradəsindən üstün tutulmalıdır?!
Bu proseslər çox ziddiyyətli, gərgin məsələlərə yol açıb və yaxın müddətdə də bu gərginliyin azalması gözlənilmir. Burada söhbət tək İspaniya və İraqdan getmir. Dünya o qədər qloballaşıb ki, istənilən bölgədə baş verən bir gərginlik bütün dünyaya təsirini göstərir. Üstəlik, İspaniya kimi Avropa Birliyi və NATO-nun üzvü olan ölkənin parçalanması ciddi nəticələrə səbəb ola bilər. Eləcə də İraq Ərəb Dövlətləri Liqasının və İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Belə ölkələrdə baş verən hadisələr nəinki yerləşdikləri bölgəyə, hətta ondan çox uzaq regionlara ciddi təsir göstərir. Ən azından bu, artıq klassik beynəlxalq münasibətlərin Vestfaliya sisteminin, yəni 370 illik dövlətlərarası münasibətlər sisteminin məhək daşı hesab olunan dövlətlərin suverenliyi məsələsinin sonunun gəldiyinin göstəricisidir.

Bu iki hadisə dünya müharibəsinə səbəb olmayacaqdır, lakin onlar beynəlxalq münasibətlərdə dörd əsrə yaxın mövcud olmuş qaydaları insan hüquqları, öz müqəddəratını təyinetmə adı altında dəyişikliyə uğratmağa, aşınmaya məruz qoymaya zəmin hazırlayacaqdır.

-İraqda yeni bir dövlətə ehtiyac var idimi?

-İraqın ərazisi hesabına yeni dövlətə heç bir ehtiyac yox idi. Bu ancaq burada marağı olan dövlətlərə lazımdır. Nə İraq əhalisinə, nə bölgə ölkələrinə yeni dövlət lazım deyil. Əksinə, onlar bundan çox narahatdırlar. Beynəlxalq problemləri həll etmək əvəzinə, əksinə yəni problemlərin əlavə olunması vəziyyəti daha da mürəkkəbləşdirir. Bu dövlət düşünürəm ki, heç sadə kürdlərə də lazım deyil. Hazırkı geniş muxtariyyətin özü kifayət qədər yaxşı variant idi. Əslində, Bərzani rejimi Körfəz müharibəsindən sonra faktiki müstəqil dövlət idi. İraqla onu yalnız eyni pul vahidi birləşdirirdi. Üstəlik də, peşmərgə qüvvələri mərkəzi İraq büdcəsindən maliyyələşirdi.

Dövlət qurmaq, onu müdrikliklə idarə etmək heç də asan məsələ deyil. Kürdlər bunun öhdəsindən gələ biləcəkmi?! Təbii ki, əgər ümumiyyətlə dövlət yaradılacaqmı, yoxsa bu, sadəcə əvvəlki kimi yenə də onları təzyiq vasitəsi kimi istifadə etmək üçün növbəti bir addımdırmı, bunu zaman göstərəcək.
Bu proseslər Dünya müharibəsini alovlandırmaya bilər, amma dünyanın bir çox ölkələrində separatizmi və xaosu, vətəndaş müharibələrini, terror aktlarını tətikləyəcəyi şübhəsizdir

– Amerikada baş verən son terror aktlarıan görə məsuliyyəti İŞİD öz üzərinə götürdü. Sizin fikrinizcə, bu terror aktının arxasında hansı dövlət ola bilər?

– Mən düşünürəm ki, heç bir terror aktı hər hansı bir dövlətin dəstəyi olmadan həyata keçirilə bilməz. Dünyada nəzarət üçün bu qədər resursların mövcudluğu şəraitində, hətta kosmik kəşfiyyatın aparıldığı bir dövrdə ABŞ kimi fövqəldövlətin ərazisində İŞİD və ya hər hansı digər terror təşkilatının belə aksiya törətməsi nə qədər mümkündür?! Təbii ki, əsl həqiqəti ancaq o aktı hazırlayanlar və bu məsələni araşdıran istintaq orqanları bilə bilərlər. Lakin hər bir halda bəzən məqsəd vasitəyə haqq qazandırır. Təəssüf ki, böyük güclərin siyasi məqsədlərinin əsas vasitəsi son illərdə terrordur.

NÜŞABƏ

TİA.AZ