“Neynirsən evi?! Kirayə qal, Evin daimi xərclərindən azad ol, problemlərindən azad ol və xoşbəxt yaşa”. Bu qlobal dünyada titan kapitalistlərin insanların beyninə yeritdiyi qorxunc koddur. Hazırda dünyada böyük sürətlə mülkiyyətsizləşdirmə.siyasəti tirajlanır. Bu yeni kölələşmə dövrünün başlanğıcıdır. Ölkələr nə qədər çox inkişaf edirsə, mənzil əlçatanlığı çətinləşir və böyük şəhərlərdə “daş-beton qutu”larda kirayə qalanların sayı artır.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Eldəniz Əmirov bildirib.
“Gələcək insanı tam asılı duruma salmaq üçün mülkiyyətsizləşmə sürətləndirilir və kirayəşin kütləsi artır. Bütün əmlaklar iri kapital sahibləri tərəfindən alınır. Hətta inkişaf etməmiş ölkələrdə belə kənd yerlərini, torpaqları məmurlar kütləvi alır. Çox yox, cəmi 200 il sonra kasıblar çirklənmiş şəhərlərdə bir-birinə bitişik dar mənzillərdə kirayə qalacaq. Bu əmlakların sahibləri və ya digər varlılar isə təmiz kəndlərdə yaşayacaqlar. İnsan ömrü 200 il olsaydı, bu proqnozu da “skrin” edib saxlayardım. Amma xoşbəxtlikdən o dəhşətləri görmək bizə qismət olmayacaq” – o qeyd edib.