backend

“News From Israel”: Sarkisyan özünü erməni faşisti Njdenin varisi hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndi dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisinin üzvləri qondarma “1915-ci il erməni soyqırımı”nın tanınmasına nail olmaq ümidi ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla yaxınlaşmaq üçün yollar axtarırlar.  İndi dünya erməniləri, xüsusən ABŞ-dakı erməni lobbisinin üzvləri qondarma “1915-ci il erməni soyqırımı”nın tanınmasına nail olmaq ümidi ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla yaxınlaşmaq üçün yollar axtarırlar. 

Keçən il İsrail parlamenti bu məsələni səsverməyə çıxarmadı, çünki hökumətin mövqeyini təmsil edən portfelsiz nazir Tsaxi Xaneqbi bu məsələnin Təhsil Komissiyasında müzakirə olunmasını təklif etmişdi. Yeri gəlmişkən, Xaneqbi özünün çıxışında “soyqırımı” sözündən istifadə etmir, 1915-ci il hadisələrini sadəcə “faciəli hadisələr” adlandırırdı.

İsraildə fəaliyyət göstərən “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsrailin “News From Israel” informasiya-analitik portalına eksklüziv müsahibəsində bu barədə danışıb (http://isp-ngo.com/?p=20362).

Qut yazır: “Erməni diasporunun Knessetdəki lobbiçiləri artıq neçə ildir ki, qondarma “erməni soyqırımı”nın tanınması barədə məsələ qaldırırlar. Bu lobbiçilər arasında Ermənistan Respublikası tərəfindən maliyyə vəsaiti və akademik imkanları ilə hərtərəfli təmin edilən israilli tədqiqatçı Yair Oron xüsusilə fərqlənir. Əvvəl onu qeyd etməliyəm ki, Yair Oronun kimliyini İsraildə hamı çox gözəl bilir. Bir neçə il bundan əvvəl indiki Ermənistanın hakimiyyət orqanlarının dəstəklədiyi Oron Türkiyədə 1915-ci ildə baş vermiş faciəli hadisələrin ermənipərəst versiyasını yazıb. “Qəbuledilməz laqeydlik” adlı bu material əvvəlcə ivrit dilində dərc edilib, sonra erməni dilinə tərcümə olunub. İki il bundan əvvəl Yair Oron Ermənistana dəvət edilib, orada ona Dövlət Mükafatı verilib. Serj Sarkisyan Oronu qəbul edərək “qiymətli işinə və xidmətlərinə” görə ona təşəkkürünü bildirib.

Arye Qutun sözlərinə görə, bir neçə il bundan əvvəl o, Təl-Əviv Universitetində açıq mühazirədə bu məsələ ilə əlaqədar şəxsən Oronla mübahisə edib. Qut israilli tələbələrin yanında Yair Orona açıq-aydın deyib ki, görünür, Sarkisyan rejimi ilə sıx əlaqələri olan bu tarixçi Azərbaycanın Xocalı şəhərində azərbaycanlıların kütləvi qırğını barədə heç vaxt “eşitməyib”. Arye Qut deyib: “Əgər Yair Oron etnik təmizləmələr barədə solçuların “Haaretz” qəzetinin səhifələrində – ermənilərə əsaslanaraq tez-tez çıxış etdiyi bu nəşrdə yazmağa qorxursa, o bilməlidir ki, çoxsaylı müstəqil mənbələr, həmin faciənin şahidləri və hətta Azərbaycanın Xocalı şəhərinin işğalında iştirak etmiş erməni hərbçilərinin özləri də təsdiq edirlər ki, Xocalı şəhərinin mülki əhalisinin bilərəkdən məhv edilməsinin məqsədi onları kütləvi şəkildə qırmaq idi və bunun yeganə səbəbi bu insanların hamısının azərbaycanlı olması idi. Mən Oronun bu barədə nə deyə biləcəyini eşitmək istərdim. Mən tarixçi Orona xatırlatdım ki, Xocalıda soyqırımını təşkil edənlərdən biri Ermənistanın indiki prezidenti Serj Sarkisyan olub. Onun əlləri qətlə yetirilmiş azərbaycanlıların – Xocalıdakı uşaqların, qocaların və qadınların qanına batıb”.

İsrailli ekspert qondarma “erməni soyqırımı”nın İsrail Knesseti tərəfindən tanınması perspektivi məsələsinə qayıdaraq qeyd edib ki, o, hələ 6 il bundan əvvəl Cənubi Qafqaz üzrə dəvət edilmiş ekspert qismində İsrail Knessetinin təhsil, mədəniyyət və idman komissiyasının üzvləri qarşısında çıxış edib. Arye Qut həmin çıxışında vurğulayıb ki, qondarma “erməni soyqırımı”nın tanınması onsuz da gərgin olan Türkiyə-İsrail münasibətlərini nəinki korlaya, hətta bu münasibətləri məhv edə bilər. Arye Qut deyib: “Türk və yəhudi xalqlarının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının 500 illik zəngin tarixi var. Tarixi faktları unutmaq lazım deyil. Vaxtilə Türkiyə sultanı İspaniya yəhudilərinə bütün vətəndaş hüquqları verərək onları tamamilə məhv olmaqdan xilas edib. İkinci Dünya müharibəsi dövründə Avropada yəhudilər vəhşicəsinə və dəhşətli şəkildə məhv ediləndə Türkiyə yəhudiləri müdafiə edir, onları xilas edirdi”.

Qutun fikrincə, qondarma “erməni soyqırımı”nın tanınması İsrail ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə ciddi ziyan vurar. İsrailli ekspert vurğulayıb: “Bu gün danılmaz faktdır ki, Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi əlaqələri yoxdur. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ciddi geosiyasi və geoiqtisadi perspektivləri olan şəksiz liderdir. 25 il ərzində İsrail ilə Azərbaycan arasında çox ciddi strateji tərəfdaşlıq münasibətləri yaranıb. İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Özü də təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və indi də yoxdur. Rəsmi Bakı başqa ölkələrdə antisemitizmin hər hansı təzahürlərini dəfələrlə pisləyib və yenə pisləyir”.

Qut qeyd edir ki, İsrail dünya bazarında Azərbaycan neftini əsas alıcılarından biridir. İsrailli ekspert vurğulayır: “İsrailin Azərbaycan ilə daha sıx qarşılıqlı münasibətlərə nail olmaq istəyinin daha bir neçə səbəbi var. Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır. İsrailin istehlak etdiyi neftin 50 faizini təmin edən Azərbaycan həm də Avropada enerji təhlükəsizliyinin və enerji təchizatının şaxələndirilməsinin əsasıdır. Azərbaycan regionda iri enerji mərkəzi olmaqla bərabər, həm də neftin və təbii qazın əsas istehsalçısıdır”.

A.Qut daha sonra deyib: “İsrailli tarixçi Oronun 1915-ci ildə Türkiyədə baş vermiş faciəli hadisələri mənim xalqımın tarixinin dəhşətli səhifəsi – Avropada yəhudilərə qarşı Holokost ilə həyasızcasına müqayisə etməsi faktını müşahidə etmək və görmək mənim üçün ağırdır. Bununla əlaqədar, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun nüfuzlu alimi Moisey Bekkerə istinad etmək istərdim. Bir neçə il bundan əvvəl o, erməni tarixinə aid dərsliklərdə və Ermənistanın kütləvi informasiya vasitələrində “Daşnaksutyun” təşkilatının fəal üzvü, “Dro” ləqəbi ilə daha çox məşhur olan erməni antisemit Drastamat Kanayanın tərifinin göyə qaldırılması faktını göstərib. Xatırlatmaq yerinə düşər ki, Dro İkinci Dünya müharibəsi illərində minlərlə yəhudinin məhv olunmasında şəxsən iştirak edib. Erməni ekspertlərin fikrincə, bu qatı antisemit və faşist, azad Ermənistan uğrunda “mübariz” ölkənin indiki hakim dairələrinə özlərinin ekspansionist planlarına haqq qazandırmaq və böyüməkdə olan nəsli başqa xalqlara nifrət ruhunda tərbiyə etmək üçün bir simvol kimi lazımdır.

Ermənilər bir faşisti tərifləməklə kifayətlənmədilər. 2016-cı ilin may ayında erməni faşist antisemit general Njdeyə Ermənistanın paytaxtında qoyulmuş abidənin rəsmi açılış mərasimi keçirildi. Arye Qut vurğulayır: “Erməni faşist və antisemit general Njdenin xatirəsinin “əbədiləşdirilməsi” biabırçılıq və Holokost qurbanlarının xatirələrinə qarşı təhqirdir. Bu gün artıq danılmaz faktdır ki, Ermənistanda yəhudilər uzun illər boyu mənəvi zorakılığa məruz qalır. Bu zorakılıq antisemit ruhlu kitabların dərc edilməsində, televiziyada antisemit verilişlər göstərilməsində, habelə Holokost qurbanlarının xatirəsinə Yerevanda qoyulmuş memorial lövhənin dəfələrlə murdarlanmasında ifadə olunur. Erməni faşist və antisemit general Njdeyə abidə qoyulması bir daha təsdiq edir ki, müasir Ermənistanda həm bizim xalqın nümayəndələrini, həm də sovet əsgərlərini məhv etmiş bu faşistlərə pərəstiş kampaniyası təşkil edilib. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, mən Azərbaycan arxivlərində saxlanılan tarixi sənədlərlə şəxsən tanış olmuşam. İkinci Dünya müharibəsi illərində faşist başkəsənləri Dro və Njde, eləcə də onların əlaltıları yəhudiləri məhv etdikləri kimi, 1918-ci il mart ayında Azərbaycan quberniyalarında soyqırımında fəal iştirak ediblər. Həmin hadisələr zamanı müxtəlif konfessiyalara və xalqlara mənsub olan on minlərlə dinc sakin – Azərbaycan türkləri, talışlar, tatlar, ləzgilər, kürdlər, yəhudilər xüsusi qəddarlıqla öldürülüb və şikəst edilib.

Ermənistanın bugünkü rəhbərliyi faşizmi təbliğ edirsə, mən tamamilə əminəm ki, sabah həmin rəhbərlik Hitlerin “ideya”larını da eyni dərəcədə təbliğ edə bilər. Vurğulamaq lazımdır ki, bu faşistlərə pərəstiş hansısa marginal siyasi qruplaşmaların gücü ilə həyata keçirilmir. Bu hərəkətlərin arxasında Ermənistan dövləti, daha dəqiq desək, müasir Ermənistan Respublikasının rəhbərliyi dayanır. Bəs İsrail parlamentinin deputatları haraya baxır? Doğrudanmı bu, yəhudilərin heysiyyətinə toxunmur, doğrudanmı onlar Ermənistanda faşizmin dirçəldilməsini və ya bu ölkədə antisemitizm faktlarını laqeydcəsinə seyr etməyə hazırdırlar?”.

Ekspert qeyd edir ki, problem barədə heç bir biliyə malik olmamaq, bəzi nüfuzlu deputatlar İsraildəki erməni diasporu hesabına elektoral kapital toplamaq istəyi səbəbindən qondarma “erməni soyqırımı” məsələsini qaldırırlar. Qut yazır: “Mən bu barədə fikrimi antisemitizmin qarşısının alınması məsələlərinə dair Ümumdünya Yəhudi Konqresi tərəfindən Rusiya Yəhudi Konqresi ilə birlikdə Moskvada təşkil edilmiş, “Gələcəyi müdafiə edək” devizi altında keçirilən beynəlxalq konfransdakı çıxışımda bildirmişəm. Siz Ukraynada və ya Baltikyanı ölkələrdə antisemitizm barədə danışdığınız halda, Ermənistanda antisemitizm barədə nəyə görə susursunuz? Axı bu barədə arxiv sənədləri ilə təsdiq edilmiş tarixi faktlar var.

Faşist və antisemit general Njde başda olmaqla erməni legionunun məqsədi yəhudiləri məhv etmək idi. Məhz erməni legionu “sayəsində” Simferopol, Yevpatoriya, Aluşta, Kerç və Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən tamamilə təmizlənmişdi. Məgər bundan sonra biz erməni faşistin və antisemitin müasir Ermənistanda milli qəhrəman və milli kumir səviyyəsinə qaldırılmasına dinməzcə və laqeydcəsinə baxa bilərikmi? Sadəcə başa düşmək lazımdır ki, faşistlərin və antisemitlərin təriflənməsi Ermənistanın indiki rəhbərliyinin dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilib. General Njdeyə abidənin açılış mərasimində Ermənistan prezidenti Serj Sarkisyanın və ovaxtkı müdafiə naziri Seyran Ohanyanın şəxsən iştirak etməsi faktı bir daha təsdiqləyir ki, onlar özlərini erməni faşist və antisemit Njdenin əsl və həqiqi varisləri hesab edirlər”.

Qutun sözlərinə görə, heç də təsadüfi deyil ki, KİV-lərdə dərc edilən materiallardan göründüyü kimi, Holokost qurbanlarına Yerevanda ucaldılmış memorial plitə mütəmadi murdarlanır. Arye Qut deyib: “Naməlum cinayətkarlar abidə üzərində qırmızı rənglə svastika şəkli çəkib, erməni dilində yəhudi xalqını təhqir edən sözlər yazıblar. İsraildəki ermənipərəst lobbi, o cümlədən tarixçi Yair Oron da tez-tez Ermənistanda vandalizm və antisemitizm faktlarını “hamarlamağa” və ya buna haqq qazandırmağa, çox güman ki, belə faktları dünya yəhudilərindən gizlətməyə çalışırlar. Bundan sonra onların İsrail Knessetinə müraciətlə qondarma “erməni soyqırımı”nın tanınmasını tələb etməyə mənəvi haqqı varmı? Mən Ukraynada bütün ailəsini itirmiş babamın nəvəsi kimi İsrail siyasətinin patriarxı, İsrailin 9-cu Prezidenti Şimon Peresin bu sözlərini xatırlayıram: “Yəhudi xalqının Holokostunu başqa xalqların faciəsi ilə müqayisə etmək qeyri-mümkündür”. Alman faşizmi Avropada 6 milyon yəhudini yalnız yəhudi olduqlarına görə məhv edib. Ermənilər isə onlara Osmanlı imperiyası ərazisində öz dövlətlərini yaratmağı vəd etmiş çar Rusiyasının siyasətinin qurbanları olublar”.

Arye Qutun fikrincə, burada yuxarıda adı çəkilən məşhur alim Moisey Bekkerin sözləri ilə razılaşmamaq olmaz. O deyir ki, ermənilər Avropa yəhudilərinin üzləşdiyi fəlakət bütün dünyada tanındığı halda, qondarma “erməni soyqırımı” ilə əlaqədar daim kazuslar baş verməsi fikri ilə barışa bilmirlər. “Mən başa düşürəm ki, Ermənistanın Dövlət Mükafatını almış tarixçi Yair Oron Sarkisyanın kriminal rejiminin sifarişini yerinə yetirir. Aydındır ki, Ermənistanda Orona Azərbaycandakı yəhudilərin vəziyyəti barədə danışmayacaqlar. İndi isə, cənab Oron, gözlərinizi açın və Azərbaycana baxın. Hər kəs çox gözəl bilir ki, yəhudilər Azərbaycanda özlərini heç vaxt qərib hiss etməyiblər və bu gün onlar Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Bu, tarixi faktdır ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətində bir neçə yəhudi nazir olub.

Bu gün Ermənistanda etnik millətçilik və şovinizm fonunda Azərbaycanda 20 minlik yəhudi icmasının, onun mədəni və dini həyatının dirçəlməsi və inkişafı prosesi müşahidə olunur. Yəhudi icması Azərbaycanda ən fəal və nüfuzlu dini icmalardan biridir. Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq daim vurğulayır ki, multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasəti və həyat tərzidir. O, etnik və dini mənşəyindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarına şamil edilən etnik və dini tolerantlığı yüksək qiymətləndirir. Görəsən, Yair Oron Xocalıda azərbaycanlıların kütləvi şəkildə qırılmasının bilavasitə təşkilatçılarından biri olmuş Ermənistan prezidentindən bu cür bəyanat eşidibmi? Çətin. Monoetnik dövlətin başçısı multikulturalizm və tolerantlıq barədə necə danışa bilər ki, bu ölkədə başqa xalqların nümayəndələri yoxdur, onlar ya erməni şovinizmi ucbatından buradan köçüb gedib, ya da Ermənistandan qovulublar”.

İsrailli ekspert Arye Qut sonda deyib: “Biz erməni lobbisinin nazı ilə oynamaq əvəzinə İsrailin milli maraqları barədə düşünməliyik. Erməni xalqı qarşısında hansı mənəvi məsuliyyətdən danışmaq olar ki, müasir Ermənistan və onun rəhbərliyi mənim xalqımın nümayəndələrini məhv etmiş faşistləri rəsmi səviyyədə təbliğ və təşviq edir?! ABŞ Antidiffamasiya Liqasının məlumatına görə, Ermənistan postsovet məkanında antisemitizm səviyyəsinə görə birinci yeri tutur, bu monoetnik ölkədə yəhudiləri barmaqla saymaq olar. Nə yaxşı ki mənim ölkəmdə, xüsusən, onun hökumətində hələ konstruktiv siyasi qüvvələr var, onlar yaxşı başa düşürlər ki, İsrailin Azərbaycana və Türkiyəyə münasibətdə strateji maraqları faşizmin və terrorizmin dövlət ideologiyasının tərkib hissəsinə çevrildiyi Ermənistan və onun xalqı qarşısında hansısa anlaşılmaz və məntiqdən uzaq “mənəvi öhdəliklər” ilə müqayisədə qat-qat vacibdir”.