Nəsimi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının birgə təşəbbüsü ilə Milli Mətbuatın 150 illiyinə həsr olunmuş “Mətbuatımızın təşəkkülü və tarixi missiyası” adlı tədbir keçirilib.
Tribunainfo.az xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının rəhbərləri, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri, müəssisə və təşkilatların məsul əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov tədbir iştirakçılarını salamlayaraq mətbuatımızın keçdiyi tarixi və şərəfli yoldan geniş söz açmış, Ümummilli Liderimiz Heydər Əliyevin və Prezident İlham Əliyevin mətbuat işçilərinə göstərdiyi diqqət və qayğıdan bəhs edib: “Bu gün yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Çıxış edən Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbər və nümayəndələri – Xalq qəzetinin baş redaktorunun müavini, “Əməkdar jurnalist” Tahir Aydınoğlu, Səbuhi Abbasov, Məhəmmədəli Qəribli və Nahid Canbaxışlı çıxışlarında qeyd etdilər ki, ötən zaman ərzində Azərbaycan mətbuatı indi özünün yüksəliş mərhələsini yaşayır. Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet, qəzetçilik yeni dövrün astanasına qədəm qoyur. Habelə bu sahədə çalışan şəxslər yüksək fəxri adlara və mükafatlara layiq görülür.