Nəsimi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının və rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev zamanın fövqündə” adlı tədbir keçirilib.
Tribunainfo.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Nəsimi rayon təşkilatının və Nəsimi rayon Ağsaqqallar Şurasının sədrləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, qeyri-hökumət təşkilatlarının rəhbərləri, şəhid ailələri, İctimai Şuranın üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayon gəncəri iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nəsimi rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Vaqif Şadlinski öz çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin xatirəsini yaşatmaq yalnız ona ehtiram göstərmək deyil, həm də onun idealarına sadiq qalmaqdır: “Bu gün Azərbaycanda əsası qoyulan inkişafın, tərəqqinin, beynalxalq nüfuzumuzun sağlam təməllərində məhz dahi şəxsiyyətin müdrik fikirləri dayanır. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə – müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynadı”.
Çıxış edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirib ki, Heydər Əliyev XX əsrin 70-ci illərində Azərbaycanda elə bir ab-hava yaratmışdı ki, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı.
Çıxışlardan sonra ulu öndər Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev xilaskar ömrü” adlı filmə baxılıb.
Tədbirin bədii hissəsində Xalq artistləri Məleykə Əsədova və Nurəddin Mehdixanlı ədəbi-bədii qiraətlə, incəsənət xadimlərindən Xalq artisti Gülyanaq Məmmədova və əməkdar artist Aybəniz Həşimova isə musiqi ifaları ilə çıxış ediblər.