Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Səhiyyə işçiləri günü münasibətilə tədbir keçirilib.
Tribunainfo.az xəbər verir ki, tədbirdə Nəsimi rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin rəhbərləri və səhiyyə işçiləri iştirak edib.
Öncə Azərbaycan səhiyyəsinin inkişafı ilə bağlı hazırlanmış “Ulu öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsi” adlı sənədli film nümayiş olunub.
Tədbiri giriş nitqi ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək şərəfli işlərində uğurlar arzulayıb. Bildirib ki, Ümummilli Liderin 2001-ci ildə imzaladığı Sərəncamla Səhiyyə İşçiləri Gününün təsis edilməsi onun həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə yüksək dəyər verdiyini göstərir. İndi səhiyyəmizin hər ili, hər ayı irəliləyişlə, yeni-yeni uğurlarla yadda qalır.
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının direktoru Əsədulla Sultanov Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırıldığını qeyd edib. Bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır.
Sonda yubileyləri münasibəti ilə, eyni zamanda səhiyyədə xidmətlərinə görə bir qrup səhiyyə işçisinə hədiyyələrin təqdim olunması mərasimi keçirilib.