Nizami Kino Mərkəzində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümumimillil Lideri, Ulu Öndər, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Böyük xilaskarlıq qayıdışı” adlı tədbir keçirilib.
Tribunainfo.az xəbər verir ki, tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin, YAP Nəsimi rayon təşkilatının rəhbərliyi, səhiyyə, təhsil müəssisələrinin, rayonun idarə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, QHT-lərin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açaraq bildirdi ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları Heydər Əliyevin adı ilə bağlıdır: “Heydər Əliyevin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin inkişafı və dövlətçilik tariximizin müasir mərhələsinin sürəkliliyinin təmin edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməklə məhdudlaşmadı. O, müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram uğrunda səfərbər edən milli təlim –“azərbaycançılıq” ideologiyasını da yaratdı.
Multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Heydər Əliyev Azərbaycan ərazisində yaşayan milli azlıqların etnik-mədəni və dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü. Müasir dövrdə Azərbaycan özünün multikulturalizm siyasəti və bu sahədə əldə etdiyi nailiyyətlərlə dünya dövlətlərinə nümunədir. Ulu öndərin siyasi kursunun davamçısı, Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir, multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində mütərəqqi addımlar atılır. Bu gün ölkəmizdə multikulturalizm həm də dövlət siyasəti kimi həyata keçirilir”.
Daha sonra ideya müəllifi Əziz Zeynalov, layihə rəhbəri İsmayıl Yaşaroğlu, rejissoru Elnur Abbasov və ssenari müəllifi Telli Əzizova olan ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş “Birlik” filmi tamaşaçılara təqdim olunub və yaradıcı heyətə rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tərəfindən hədiyyələr təqdim olunub.
Tədbir respublikanın xalq artisti Ağadadaş Ağayevin ifasında mahnılarla başa çatdı.





