Nəsimi rayonunda Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş silsilə tədbirlər  keçirilmişdir

Nəsimi rayonunda Xocalı şəhidlərinin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, mədəniyyət, orta və ali təhsil müəssisələrində faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil olunur.

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilən fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin  Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyaları, «Ana harayı» abidəsinə  ziyarəti təşkil edilir.

Faciənin ildönümü ərəfəsində  Kliniki Tibbi Mərkəzdə Xocalı şəhərindən köçkün düşərək  Nəsimi rayonunda məskunlaşmış bir qrup Xocalı nümayəndələri ilə görüş keçirilmişdir. Tədbirdə Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə məlumat vermişdir. Tədbirdə  iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərə, xüsusilə Xocalılara   olan diqqət  və qayğısından ətraflı bəhs edərək, Nəsimi rayonunda Xocalı faciəsinin 27-ci ildönümünə həsr edilmiş tədbirlər  haqqında məlumat vermişdir.

Görüşdən sonra  Nəsimi rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Kliniki Tibbi  Mərkəzdə  pulsuz  tibbi müayinələri təşkil olunmuşdur. Tibb müəssisəsində Xocalılar əvvəlcə terapevtlər tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə  rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilmişlər. Xocalı sakinlərinin ailələrində olan azyaşlı uşaqlar da  ixtisaslı uşaq həkimləri tərəfindən müayinədən keçirilmişdir.

Xocalı soyqırımının 27-ci  ildönümü ilə bağlı Nəsimi rayonu 1 nömrəli  tam orta məktəbdə də  H.Sarabski adına Mədəniyyət Evinin kollektivinin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildilmişdir.

Həmçinin faciənin ildönümü ərəfəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən Xocalı şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Orqan konserti təşkil edilmişdir. Konsertdə  R.Ramazanovun “And”, Q.Qarayevin  “Laylay”, A.Sandvollun “İntroduksiya və passakalya”, C.Perqolezinin “Stabat Mater”(“Hüzünlü ana”) əsərləri səsləndirilmişdir.