Nəsimi rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə silsəvi tədbirlər keçirilib.
Tribunainfo.az xəbər verir ki, Hər il olduğu kimi bu ildə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən Zabitlər Bağında və “Olimpik Star” Əyləncə Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bir sıra tədbirlər keçirilmişdir. Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişdirlər.
Habelə, 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə uşaqların əl işlərindən ibarət sərgi keçirilib, musiqi nömrələri dinlənilib və bayram münasibəti ilə müxtəlif diplom, hədiyyələr təqdim olunub.
Keçirilən silsilə tədbirlərin davamı olaraq rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları rayon ərazisində yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 1 nömrəli Körpələr Evində olub və müxtəlif ərzaq sovqatları təqdim olunub.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlib. Ulu Öndər dəfələrlə vurğulayıb ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.