Nəsimi rayonunda Heydər Əliyev ili ilə bağlı tədbir keçirildi – Fotolar

Nəsimi rayonunda Heydər Əliyev ili ilə bağlı tədbir keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyev ili ilə əlaqədar “Mən dünyada müəllimdən yüksək ad tanımıram” mövzusunda tədbir keçirilib. 

Tribunainfo.az xəbər verir ki, tədbirdə Nəsimi RİH başçısı Asif Asgərov, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayonun idarə müəssisə rəhbərləri, təhsil işçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Nəsimi RİH başçısı A. Əsgərov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısından danışıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son illər respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında xüsusi xidmətləri olan Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər və ötən təhsil ilində rayonun təhsil müəssisələrinin uğurları barədə məlumat verib.

Bildirilib ki, müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olub.

İcra başçısı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllimlərin əməyinin danılmaz olduğunu, bundan sonra da yeni dövrün çağırışlarına uyğun gənclər yetişdirəcəklərinin əminliyini bildirib. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Hər il təhsil işçilərinə əməkdar müəllim adı, Prezident təqaüdü və bir sıra dövlət təltiflərinin verilməsi buna əyani sübutdur.

Tədbirin sonunda təhsil işçilərinə rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.